Fevralın 25-də ABŞ-da prezident seçkisinə demokratlardan namizədliyə iddialıların daha bir debatı keçirilib. Bu həftə Cənubi Karolina ştatında praymeriz, gələn həftə isə Super Çərşənbə Axşamı seçkiləri gözlənildiyindən bu debat diqqət mərkəzində idi.
Biden hədəfinə çatdı?
“Reuters” agentliyi yazır ki, Cənubi Karolinanın Çarlzton şəhərində debata çıxan namizədlərin çoxunun bir ümumi niyyəti vardı – Senator Bernie Sandersin vahid namizədliyə gedən yoluna pəl qoymaq. “Onlar Sandersə alternativ kimi görünmək üçün çarpışdıqca, bir ümumi fikir yaranırdı, azından rəqiblərdən bəzilərinin vaxtı bitmək üzrədir”, – agentlik yazır.
Milyarder Michael Bloomberg, keçmiş mer Pete Buttigieg və Amy Klobuchar debatda həyəcan təbili çalıblar ki, demokrat sosialist Sanders partiyanın namizədi olarsa, partiya noyabrda Prezident Donald Trump-ı yerindən tərpədə bilməyəcək.
Sanders debat zamanı bəzi ittihamlara da cavab verməli olub. Məsələn, əvvəllər silah istehsalçılarını məhkəmə iddialarından müdafiə edən qanunvericiliyi dəstəkləməsini “pis seçim” adlandırıb. Amma Çin və İran kimi yerlərdə avtoritar rejimlərə rəğbətlə yanaşması haqda deyilənlərlə razılaşmayıb.
“Reuters” bu debatın keçmiş vitse-prezident Joe Biden üçün çox vacib olduğunu yazır. O, ən yaxşı namizəd olmasını təsdiqləməkdən ötrü Cənubi Karolinada qələbə qazanmalıdır. O, debatda əsasən yaxşı perfomans ortaya qoyub, silahlarla bağlı gördüyü işlərdən, Qadınlara Qarşı Zorakılıq Aktının qəbulundan danışıb.
Debat zamanı namizədlər vaxt limitlərini aşıblar, növbəsiz danışıblar, bəzən Biden uzun müddət kənarda qalıb və bu da onu getdikcə hövsələdən çıxarıb.
“Bununla belə, Biden Cənubi Karolina seçicilərini aparıcı seçim olmasına inandırmaq niyyətini tamamlaya bildi”, – agentlik vurğulayır.
Sanders “sınmadı”
“Bernie Sanders xəsarət alsa da sınmadı”. Bunu isə “The Associated Press” agentliyi yazır.
Agentlik yazır ki, Bernie Sanders doqquz debatdan az xəsarətlə çıxa bilib. Elə çərşənbə axşamı – hər bir opponentinin ona müxtəlif cəbhələrdən hücum çəkməsində sonra da belə oldu.
“Kimsə mötədil respublikaçıların ona səs verəcəyini təsəvfür eləyə bilir”, – Nyu Yorkun keçmiş meri Mike Bloomberg deyib.
Minnesotadan senator Amy Klobuchar deyib ki, Sandersin təkliflərinin dəyəri 60 trilyon dollardır, yəni ABŞ iqtisadiyyatından 3 dəfə artıq. “Bu rəqəmi bir araya gətirmək olmur”, – o xəbərdarlıq edib.
Sanders isə planlarını necə gerçəkləşdirəcəyinə dair suala sakitcə, “Neçə saatınız var?” deyə cavab verib.
Agentlik Bloomberg-in debatda özünü elə də pis göstərmədiyini yazır.