Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:08

Sanksiyaların İrana edə bilmədiyini koronavirus edir – Qərb mediası


Tehranda aptek, 25 fevral, 2020-ci il
Tehranda aptek, 25 fevral, 2020-ci il

Hazırda İran yeni koronovirusun Çindən kənar episentrlərindən sayılır. Virusa 100 nəfərin yoluxduğu, 15 nəfərin öldüyü bildirilir. Bu hələ rəsmi məlumatdır, ölü sayının bundan artıq olduğu, sadəcə, İran rejiminin real mənzərəni gizlətməyə çalışdığı iddia olunur.

Qərb mediası koronovirusun İran iqtisadiyyatına mümkün təsirlərindən yazır. Ölkə onsuz da ABŞ-ın “maksimim təzyiq” kampaniyasından əziyyət çəkir, sanksiyalar milli valyutanı çökdürüb.

Qeyri-neft ixracı zərbə görə bilər

İranın qonşuları, əsas ixrac bazarları olan İraq və Türkiyə sərhədlərini bağlayıb, səyahət qadağası qoyublar. “Bloomberg” yazır ki, bu məhdudiyyətlər aylarla qüvvədə qala, İran iqtisadiyyatına ağır zərbə vura bilər.

Donald Trump administrasiyasının 2018-ci ilin noyabrında ikinci dərəcəli sanksiyaları qoymasından sonra 18 aylıq dərin tənəzzül yaşamış iqtisadiyyat tədricən özünə gəlməyə başlayırdı.

Beynəlxalq Valyuta Fondu İran iqtisadiyyatının 2019-cu ildə 9,5% azaldığını bildirir. Amma “Bloomberg” qeyri-neft sektorlarının ötən ilin son üç ayı ərzində 0,9% arta bildiyini yazır. Buna əsasən emal sənayesinin dirçəlməsi səbəb olub. “İran sənayesi qeyri-neft ixracından qazanıb və bu ixrac aya ortalama 3,5 milyard dollar təşkil edir. Ötən il İraqa aylıq ixrac ortalama 650 milyon dollar olub, Türkiyəyə isə 400 milyon dollara yaxın”, – agentlik vurğulayır.

Ancaq indi virus İranı sanksiyaların sala bilmədiyi məngənəyə sürükləyir: qeyri-neft ixracı regional bazarlara çata bilməyəcək. Artıq bu narahatlıq İranın xarici valyuta bazarlarını bürüyüb. Fevralın 19-da ölkədə koronovirusdan ilk iki ölüm halı açıqlanandan rial dəyərinin 7 faizini itirib.

Agentlik virusun yayılması qorxusunun xarici valyuta bazarında təlatümü, eləcə də yüngülləşməyə başlayan inflyasiyanı daha da qızışdırıcağını yazır. Ötən il inflyasiyanın 40 faiz civarında olmasına baxmayaraq, istehlak da sabit qalıb. Üstəlik, iranlı tacirlər Novruz bayramı ərəfəsində satışın daha da güclənəcəyini gözləyirdilər.

“Bizim koronalar necə olacaq?”

“The Financial Times” yazır ki, ötən ay Ukrayna təyyarəsinin vurulmasından sonra İran rejiminə ictimaiyyətin inamı kövrəkdir. Axı, İran liderləri 176 nəfərin həlak olduğu insidentə görə əvvəlcə məsuliyyəti götürmədi.

“İndi də hökumət iranlıları inandırmağa çalışır ki, virusun yayılmasını dayandırmaq üçün əlindən gələni edir və onu cilovlamaq olar”, – məqalədə deyilir.

İran rəsmiləri dərman, yaxud ərzaq qıtlığı olmadığını desələr də, iranlılar səyahət qadağalarından dolayı panik şəkildə alış-veriş edirlər.

“Bir gün koronavirus ölkəmizdən çəkilib gedəcək. Bəs bizim korona, bizə yalan danışan bu rəsmilər necə olacaq?”, – bir restoran sahibi qəzetə deyib. Müxbir onun Tehrandakı obyektinin boş olduğunu yazır, axı, adamlar evdən çıxmamağa çalışırlar.

Qəzet yazır ki, iranlılar hökumətdən Novruz bayramına – martın 20-dək məktəbləri bağlamasını gözləyirlər. Ondan sonra da iki həftəlik bayram gəlir. Bəzi vilayətlərdə məktəblər, universitetlər, dini seminariyalar müvəqqəti bağlansa da, səhiyyə nazirliyi heç bir şəhərdə karantinə ehtiyac olmadığını bildirir.

İndilik, ölüm hallarından çoxu müqəddəs Qum şəhərində qeydə alınıb. Elə ilk yoluxma halları da orada baş vermişdi. Amma yoluxmalar artıq Tehrana, İsfahana, Gilana, Mazandarana da keçməkdədir.

XS
SM
MD
LG