Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:09

Bəs, dünya koronovirusun qarşısını ala biləcəkmi


Cənubi Koreya
Cənubi Koreya

Artıq 30-dan artıq ölkədə yeni koronavirusa yoluxma halları qeydə alınıb, əsas beş ölkədə isə daha çox ölən və yoluxan var. Artıq COVID-19-un qarşısını almaq cəhdlərinin alınmaması, epidemiyanın yaxın olması sarıdan əndişələr yüksəlməkdədir.

Ən çox ölüm və yoluxma virusun dekabrda peyda olduğu Çindədir. Ondan sonra İran, Yaponiya, Cənubi Koreya və İtaliya gəlir.

Fevralın 24-də İran, Əfqanıstan, Bəhreyn, Küveyt və Oman da ilk yoluxma hallarını açıqlayıb. Həmin adamların hamısı İrandan gedib.

Əlcəzair, Xorvatiya, Fransa, İsveçrə və Almaniyada da koronavirusa yeni yoluxanlar var.

İtaliya rəsmilərinin fevralın 25-də açıqlamasına görə, son 24 saat ərzində 11 nəfər vəfat edib, 332 nəfər virusa yoluxub. Bu, bir gün öncəkindən 100 nəfər çoxdur.

İranda rəsmən təsdiqlənmiş 100 yoluxma halının, 15 ölümün baş verdiyi bildirilir. Amma İrandan kənardakı media xəstəlikdən 68 nəfərin vəfat etdiyini yazır. Bu səbəbdən də bəziləri Tehranın real vəziyyəti ört-basdır etdiyinə inanır.

“Birləşmiş Ştatlar İran rejiminin ölkədə xəstəliyin yayılmasına dair real detalları gizlədə biləcəyini göstərən informasiyadan dərin narahatlıq keçirir”, – ABŞ Dövlət katibi Mike Pompeo Vaşinqtonda jurnalistlərə deyib.

Dünya “sadəcə, hazır deyil”

COVID-19-un yayılması qaçılmazdır, dünyanın qalan hissəsi buna hazır deyil, Birləşmiş Ştatlarda və Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) ekspertlər və rəsmilər belə deyirlər.

ÜST-nin Çində araşdırıcı missiyasına rəhbərlik etmiş Bruce Aylward deyir ki, onun gəldiyi qənaətlərdən biri dünyanın “sadəcə hazır olmamasıdır”.

“Virus üzə çıxacaq. Düşünün ki, virus sabah peyda olacaq”, – Aylward Cenevrədə mətbuat konfransında deyib.

57 yoluxma halının qeydı alındığı Birləşmiş Ştatlarda isə səhiyyə rəsmiləri deyiblər ki, virus müəyyən məqamda daha geniş yayılacaq.

“Bunun baş verib-verməyəcəyi deyil, konkret nə vaxt baş verəcəyi sual doğurur”, – Xəstəliklərə Nəzarət və Önlənməsi Mərkəzlərinin (CDC) aparıcı rəsmisi Nancy Messonnier deyib. O, yerli hökumətləti, şirkətləri, məktəbləri planlar hazırlamağa çağırıb.

Virusun yayılması bəzi ekspertlərdə onun qarşısının alınmasının mümkün olmaması fikrini yaradıb.

“Onun cilovlandığını deyə bilmərik”, – Minnesota Universitetinin Yoluxucu Xəstəliklərin Araşdırılması və Siyasət Mərkəzinin direktoru Michael Osterhold fevralın 21-də söyləyib.

Dünya əhalisinin 40-70 faizi

Harvard Universitetinin professoru, epidemioloq Mark Lipsitch da sonucda virusun “qarşısını almağın mümkün olmayacağını” deyib.

Fevralın 24-də “The Atlantic”də dərc olunmuş müsahibəsində o deyib ki, gələn il ərzində dünya əhalisinin 40-70 faizi koronavirusa yoluxacaq. Onun fikrincə, çoxları “xəstəliyi yüngül keçirəcək”, yaxud da heç simptomlarını hiss etməyəcək.

ÜST hələlik, qlobal səviyyədə epidemiya həyəcanı elan etməyib. Bu halda xüsusi nizamlayıcı tədbirlər görülməlidir.

Dünya pandemiyaya “yırğalanaraq çox, çox yaxınlaşır”, – ABŞ Milli Səhiyyə İnstitutunun yoluxucu xəstəliklər üzrə rəhbəri Dr. Anthony Fauci “AP”yə deyib.

İndiyədək Çində COVID-19-dan 2 min 715 nəfər dünyasını dəyişib, 78 mindən çox adam yoluxub. Dünyada isə 40-dan çox adam ölüb, 2 min 700-dən çox adam yoluxub.

Xəstəlik dünyada səhm bazarlarında da təlatümlər yaradıb. Səyahətlərə qadağalar qoyulur, idman tədbirləri təxirə salınır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG