Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana bütün uçuşları təxirə salıb. Artıq İranda yeni koronavirusdan azı 15 nəfər dünyasını dəyişib ki, bu da xəstəliyin episentri sayılan Çindən kənarda ən böyük ölü sayı hesab olunur.
Dünya üzrə virusa 80 mindən çox adam yoluxub, 2 min 700 nəfər vəfat edib.
İranın Səhiyyə Nazirliyinin fevralın 25-də bildirməsinə görə, 95 yeni yoluxma, 2ç əlavə ölüm halı qeydə alınıb.
Yeni yoluxma hallarından 16-sı şiələrin müqəddəs Qum şəhərindədir.
Səhiyyə nazirinin müavini Iraj Harirchi-nin də virusa yoluxduğu xəbər verilir.
“Koronavirusla mübarizədə ön cəbhədə olan cənab Harirchi üzərində koronavirus testi müsbət çıxıb”, – səhiyyə nazirinin media müşaviri Alireza Vahabzadeh tvitində yazıb.
İrana sərnişin və karqo reyslərini bu gündən etibarən bir həftəliyə təxirə salan BƏƏ-də 13 yoluxma halı aşkarlanıb. Onlardan ikisi iranlı turist və onun arvadıdır.
BƏƏ İranın Fars Körfəzində ən böyük ticarət tərəfdaşıdır. Dubay Beynəlxalq Aeroportu isə İrana gedib gələnlər üçün böyük tranzit nöqtəsi hesab olunur.
İraq hökuməti də Çin və İrandan birbaşa, yaxud dolayısı ilə gələn səyahətçilərə giriş qadağasını uzadıb, daha 5 ölkəyə isə qadağa tətbiq edib.
Omanın Xasab limanı fevralın 26-dan İrandan mal idxal-ixracını dayandırır. Bu haqda məlumat limanın operatoru tərəfindən Twitter-də paylaşılıb.