Daşkənd Facebook, Google və Rusiyanın Yandex axtarış mühərrikindən tələb edəcək ki, özbəkistanlı istifadəçilərin şəxsi məlumatlarını Özbəkistan ərazisində saxlasınlar.
Özbəkistanın açıqladığı bu plan 2014-cü ildə Rusiyada tətbiq olunmağa başlayan qanuna oxşardır. Rusiyanın dövlətin nəzarət etdiyi telekommunikasiya şirkəti İnternet şirkətlərindən tələb edir ki, rusiyalı istifadəçilərin şəxsi məlumatları Rusiya sərhədləri daxilində saxlansın.
Özbəkistanın İnformasiya Texnologiyalarının və Kommunikasiyaların İnkişafı nazirinin müavini Olimjon Umarov fevralın 20-də deyib ki, “server avadanlığının və internet şirkətlərinin saysız xidmətlərinin lokallaşdırılması” “dünyanın ən böyük şirkətləri ilə əməkdaşlıq çərçivəsində” həyata keçiriləcək.
Umarovun iddiasına görə, serverlərin Özbəkistan daxilinə köçürülməsi ölkədə internetin sürətini “10 dəfə” artıracaq.
Amma tənqidçilərin fikrincə, belə qanunların məqsədi internet istifadəçilərinə, onların sosial mediaya yerləşdirdiyi kontentə daha artıq nəzarət etməkdir.
2015-ci ildə Google Rusiyadakı qanuna əməl etmək üçün serverlərinin bəzilərini Rusiyanın data mərkəzlərimə köçürüb.
Amma digər qlobal internet şirkətləri bu qaydalara qarşı çıxıblar.
Fevralın 13-də Moskva məhkəməsi Twitter və Facebook-un hərəsini 60 min dollardan artıq cərimələyib. Onlar rusiyalı istifadəçilərin məlumatlarını Rusiya daxilindəki serverlərə köçürməkdən imtina ediblər.