Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:23

Moskvada sürücülər çinli sərnişin aparmamalıdır


Pekində tərəvəz satan
Pekində tərəvəz satan

Moskvada avtobus, tramvay və trolleybus sürücülərinin hamısına göstəriş verilib ki, nəqliyyat vasitəsində çinli sərnişinin olmasından şübhələnsələr, maşını saxlasınlar və sərnişinlərin hamısını düşürsünlər. Bu məlumatı AzadAvropa/AzadlıqRadiosu-na Moskvadan bir ictimai nəqliyyat işçisi verib.

Anonimlik şərtilə danışan sürücünün fevralın 20-də deməsinə görə, məqsəd Çindən koronovirusun mümkün yayılmasını önləməkdir.

O deyir ki, çinli sərnişinin olmasından şübhələnən sürücülər polisə zəng etməli, hüquq-mühafizə orqanı əməkdaşı gələndən sonra yola davam etməlidirlər.

Bir gün öncə Rusiya mediası və sosial şəbəkə istifadəçiləri yazıblar ki, Moskva Şəhər Nəqliyyat Agentliyi – Mosqortrans sürücülərə sərnişinlər arasında şübhəli çinlilər barədə informasiya verməyi tapşırıb.

Ancaq Mosqortrans rəsmiləri bu məlumatları təsdiqləməmişdi.

Rusiya hakimiyyət fevralın 18-də bildirib ki, ayın 20-dən Çin vətəndaşlarını ölkəyə buraxmayacaq.

***

Çində koronavirusdan ölənlərin sayı artır

Çin koronavirusa yeni yoluxanların sayında böyük düşüş baş verdiyini açıqlayıb və bu da epidemiyanın pik həddə çatmasıyla bağlı ümidlər oyadıb. Amma xəstəlikdən ölənlərin sayı artmaqdadır.

Fevralın 20-də Çin Milli Səhiyyə Komissiyası bildirib ki, virusun episentri sayılan mərkəzi Hubey vilayətində 628, ölkənin digər yerlərində isə 45 yeni yoluxma halı qeydə alınıb.

Bu, son bir aya yaxın müddətdə ən aşağı yeni yoluxma hallarıdır və artıq üç gündür statistikada azalma baş verir.

Bu arada Çin 114 nəfərin dünyasını dəyişdiyini, virusdan ölənlərin sayının 2 min 118-ə çatdığını açıqlayıb.

Çində virusa 74 mindən artıq, 30-dək ölkədə isə yüzlərlə adam yoluxub.

Yaxın Şərqdə virusdan ilk ölüm halları

İranda da iki nəfər dünyasını dəyişib. Bu, Yaxın Şərqdə virusdan ilk ölüm hallarıdır. İrandakı xəstələr şiələrin müqəddəs Qum şəhərində vəfat edib. Şəhərin Tibbi Elmlər Universitetinin rəhbəri “Mehr” xəbər agentliyinə deyib.

Həmin şəxslərdə virus tapılandan sonra “respirator xəstəlikdən vəfat ediblər”, rəsmi bildirib.

Yaponiyada isə “Diamond Princess” kruiz gəmisində olmuş iki nəfər – 80 yaşlarında bir kişi və bir qadın vəfat edib.

Tokio yaxınlığında lövbər salmış gəmidə daha iki rusiyalıda virus aşkarlanıb və koronavirusa yoluxmuş rusiyalıların sayı üçə çatıb. Məlumatı fevralın 20-də Rusiyanın Yaponiyadakı səfirliyi yayıb.

İndiyədək Çindən kənarda koronovirusun ən çox cəmləşdiyi məkan məhz “Diamond Princess” gəmisidir.

Ümumdünya Səhiyyə Təşkilatının regional direktoru Richard Brennan deyib ki, Çin “qısa müddətə nəhəng proqres” əldə edib, amma böhranın sona yaxınlaşmadığını da sözlərinə əlavə edib.

“Tendensiya ürəkləndiricidir, amma biz hələ ki həlledici məqama çatmamışıq”, – Brennan Qahirədə mətbuat konfransında bildirib.

Çin hakimiyyəti ümumi əhali sayı 60 milyondan artıq olan şəhərləri qapadıb, onlara giriş-çıxış nəqliyyatı dayandırılıb.

Digər ölkələr Çin vətəndaşlarına, eləcə də bu ölkədə olmuş şəxslərə qarşı sərt giriş qadağaları tətbiq edib. Bu addımlar Pekini qəzəbləndirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG