Birləşmiş Ştatların Ədliyyə Departamenti dörd çinli hərbi hakeri “Equifax” kredit reytinqi agentliyinin kompüter şəbəkələrinə girməkdə ittiham edir.
Baş prokuror William Barr fevralın 10-da deyib ki, hadisə 2017-ci ildə baş verib və 145 milyonadək ABŞ vətəndaşının şəxsi informasiyası oğurlanıb. Bu, tarixdə istehlakçı datasının hədəfə alındığı ən böyük haker hücumlarından biri hesab olunur.
“The Associated Press” yazır ki, hakerlər vətəndaşların adlarını, ünvanlarını, sosial sığorta və sürücülük lisenziyası nömrələrini və başqa informasiyaları oğurlayıblar. “Bu müdaxilə şirkətin reputasiyasına zərbə vurub, Çinin getdikcə aqressivləşən və təkmilləşən kəşfiyyat metodlarını üzə çıxarıb”, – agentlik bildirib.
Çin də ABŞ-ı ittiham edir
Barr Çin Azadlıq Ordusunun dörd şübhəli üzvünə ittihamnaməni elan edərkən deyib ki, “Bu, Amerika xalqının özəl informasiyasına məqsədli və irimiqyaslı müdaxilə olub”.
ABŞ hakimiyyəti son vaxtlar Çinin Birləşmiş Ştatlar daxilində casusluq əməliyyatlarını bir-bir ortaya qoyur. Pekin ABŞ-dan kommersiya və digər sirləri oğurlamaqda ittiham olunur.
Çinin Xarici İşlər Nazirliyi isə fevralın 11-də bu iddiaları rədd edib, bildirib ki, Çin hökuməti və ordusu “heç vaxt internet vasitəsilə ticari oğurluq fəaliyyəti ilə məşğul olmayıb, yaxud bunda iştirak etməyib”.
Çin həmçinin “ABŞ-ın kiberoğurluğunun ciddi qurbanıdır”, – nazirliyin sözçüsü Geng Shuang deyib.
İndiyədək Vaşinqton Çinin 2014-2015-ci illərdə Personal İdarəçiliyi Ofisinə haker hücumunda ittiham edib. Həmin hücum zamanı hökumətdən həssas şəxsi informasiyanın oğurlandığı bildirilirdi.
2014-cü ildə ovaxtkı Prezident Barack Obama administrasiyası Çinin hərbi agentlərini Westinghouse Electric, Alcoa və U.S. Steel şirkətlərini hədəfə almaqda ittiham elədi.
Çinli hakerlər həmçinin Marriot International otel qrupuna və Anthem sığorta şirkətinə böyük haker hücumunda şübhəli bilinirlər.
ABŞ-ın aerokosmik sistemlər, biotexnologiya kimi strateji industriyalarının da çinli hakerlərin hücumuna məruz qaldığı iddia olunur.
Çin bu datayla neyləyə bilər
“The Associated Press” diqqəti bu ittihamların Vaşinqtonla Pekinin münasibətlərində həssas dönəmdə açıqlanmasına diqqət çəkir. Prezident Donald Trump Çinlə ilkin ticarət paktının əldə olunmasından danışır, bunu kommunist hökumətlə işləyə bilmək bacarığına dəlil kimi göstərir. Administrasiyasının digər üzvləri isə Çinin yaratdığı kibertəhlükəsizlik və nəzarət risklərini qabardırlar. Bu arada Huawei texnologiya nəhəngi dünyada yeni, yüksək sürətli 5G simsiz şəbəkəsinin bir hissəsinə çevrilməyə çalışır.
Ekspertlər və ABŞ rəsmilərinin sözlərinə görə, “Equifax” oğurluğu Çin hökumətinin amerikalılar haqda mümkün qədər çox informasiya yığmaq marağının göstəricisidir.
“Çin bu datadan istifadə edərək ABŞ-ın hökumət rəsmilərini, sıravi vətəndaşları hədəfə ala, mümkün casuslar cəlb edə, istifadə olunacaq zəiflikləri aşkarlayaraq şantaj üçün istifadə edə bilər. Federal Təhqiqat Bürosunun (FTB) direktor müavini David Bowdich indilik belə bir halın aşkarlanmadığını, ancaq bunun heç də belə bir şeyin gələcəkdə baş verməyəcəyi anlamına gəlmədiyini deyib”, – agentlik vurğulayır.