Keçid linkləri

Təcili xəbərlər
2020, 04 İyul, şənbə, Bakı vaxtı 09:49

İndi Merkelin varisi kim olacaq – Qərb mediası


Annegret Kramp-Karrenbauer

Almaniya Kansleri Angela Merkel hakimiyyətin rahat keçidinə ümid edirdi. Amma fevralın 10-da onun bu niyyətinə “su çilənib”. Belə ki, açıq-aşkar varisi olacaq şəxs hakim partiyanın liderliyindən istefa verib, kansler vəzifəsinə namizədliyini verməyəcəyini deyib.

Annegret Kramp-Karrenbauer-in bu qərarı Avropa Birliyinin ən böyük iqtisadiyyatında siyasi qeyri-müəyyənliyə yol açıb. Bu arada ölkədə ifrat sağçı qüvvələr dirçəlir. Digər tərəfdən Britaniya AB-dən çıxır.

Daha çox adının baş hərfləri – AKK kimi tanınan Kramp-Karrenbauer gələn ilə planlaşdırılan parlament seçkisində Merkelin varisi hesab olunurdu. Merkel Almaniyaya 15 ildən artıq liderlik edəndən sonra hakimiyyətin transferini planlaşdırırdı.

Merkel təəssüflənir

“Bu qərarı böyük təəssüf hissi ilə qarşıladım, bundan təəssüfləndiyimi də deməliyəm”, – Merkel fevralın 10-da Berlində deyib.

Hazırda müdafiə naziri olan Kramp-Karrenbauer deyib ki, bu addımda məqsədi mühafizəkar Xristian Demokratlar (CDU) partiyasını gücləndirməkdir. Kanslerliyə başqa bir namizəd tapılana kimi o, partiyaya sədrliyi davam etdirəcək.

Onun nüfuzuna ötən həftə zərbə dəyib. CDU-dan bəzi yerli siyasətçilər ölkənin şərqindəki Türingiya vilayətində ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ilə birlikdə region üzrə liberal namizədə səs veriblər.

2-ci Dünya Müharibəsindən bəri ənənəvi partiyaların ifrat-sağçılarla əməkdaşlığı yasaq hesab olunub.

Son illər Almaniyada AfD-nin populyarlığı yüksəlib. Partiya immiqrasiyaya nəzarət, söz və mətbuat azadlığına xor baxdığına görə tənqid olunur.

“AfD bizim CDU kimi təmsil etdiyimiz hər şeyə qarşı çıxır”, – Kramp-Karrenbauer reportyorlara deyib.

“Mini-Merkel”

“Frans Pres”in yazdığına görə, Merkel CDU-nun iclasında deyib ki, bu sağ-mərkəzçi partiyanın ifrat saçı AfD və ifrat solçularla “həll olunmamış münasibəti” var.

Mənbənin bildirməsinə görə, Merkel Kramp-Karrenbauer-in iyuldan bəri icra etdiyi müdafiə naziri postunda qalmasını istəyir.

Almaniyada parlament seçkisi gələn ilin payızında keçirilməlidir. Agentlik yazır ki, CDU, onun Bavariyadakı müttəfiqi olan CSU və sol mərkəzçi Sosial Demokratların (SPD) kövrək koalisiyası o vaxtadək çətin ayaqda qala.

CDU Türingiyadakı fiaskodan bəri çaxnaşma yaşayır. Merkel həmin səsverməni “bağışlanmaz” adlandırıb, nəticənin “dəyişdirilməli” olduğunu deyib.

Kramp-Karrenbauer dərhal hadisə yerinə gedərək CDU-nun yerli qanunvericilərini yeni seçkiyə inandırmağa çalışmaq istəyib. Amma aşkar nəticə əldə etmədən, bir neçə saatlıq danışıqlardan sonra oranı tərk edib.

Ona “mini-Merkel” də deyirdilər. “Frans Pres” yazır ki, sonucda, bu ləqəbi doğrultmağın heç də asan olmadığı üzə çıxdı.

XS
SM
MD
LG