Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Aprel, şənbə, Bakı vaxtı 03:35

'Kanal 13' rəhbərinin şərti cəzası ləğv edildi


Ə.Orucov

«Kanal 13» internet televiziyasının təsisçisi Əziz Orucovun üzərindəki məhkumluq vaxtından əvvəl götürülüb. Bu barədə fevralın 11-də Bakı Apellyasiya Məhkəməsi qərar verib.

Azərbaycanda QHT-lərlə bağlı cinayət işi üzrə həbs olunanlardan biri də Ə.Orucov idi. O, 2017-ci ilin mayında həbs olunmuş, 2018-ci ilin aprelində şərti cəza ilə azadlığa buraxılmışdı. Ona təyin edilən şərti cəzanın müddəti 2021-ci ilin fevralında başa çatmalıydı.

Ə.Orucov məhkəmədə deyib ki, şərti cəza altında olduğu müddətdə heç bir qayda pozuntusuna yol verməyib, məhkəmə icraçılarının bütün çağırışlarına gedib. O, üzərindəki şərti cəza və məhkumluğun yaratdığı problemlərdən danışarkən bildirib ki, ölkədən çıxışına məhdudiyyət var, mütəmadi icra şöbəsinə gedib-gəlməli olur və s.

Nəsimi rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı da məhkəmədə təsdiqləyib ki, şərti cəza altında olduğu müddətdə Ə.Orucov qaydalara əməl edib.

Bundan sonra məhkəmə məhkumluğun götürülməsi haqda qərar çıxarıb.

Xatırlatma

Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. 2018-ci ilin aprelində Ali Məhkəmə jurnalistin 3 il şərti cəza ilə azadlığa buraxılmasına qərar verib.

Ə.Orucov ittihamların saxta, özünün də təqsirsiz olduğunu deyir.

Jurnalistin Almaniyada mühacir həyatı yaşayan qardaşı Anar Orucov deyirdi ki, həm onun, həm də «Kanal 13»ün tənqidçi fəaliyyətinə görə Ə.Orucovu cəzalandırıblar.

Ancaq rəsmilər ölkədə insanların qohumlarına və ya peşə fəaliyyətinə görə cəzalandırılmadığını, bütün fundamental azadlıqların qorunduğunu iddia edirlər.

XS
SM
MD
LG