Keçid linkləri

Təcili xəbərlər
2020, 02 İyul, Cümə axşamı, Bakı vaxtı 13:45

Bakıda seçkisonrası aksiya


Bakıda aksiya. 10 fevral 2020

Bu gün, fevralın 10-da Bakının Qış Parkı deyilən ərazisində bir qrup fəal Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinə etiraz olaraq aksiya keçirib.

Aksiya iştirakçıları «İstefa!» şüarı səsləndirərək yürüşə cəhd ediblər. Lakin əraziyə cəlb olunmuş polis əməkdaşları aksiyanı dayandırmağı tələb edərək, ona imkan verməyiblər. Bir müddət sonra aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb. Polislər aksiyanın qarşısının alınmasını onun Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmaması ilə izah ediblər.

Dünən, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

Mərkəzi Seçki Komissiyası (MSK) artıq seçkilərin ilkin nəticəsini açıqlayıb. Həmin siyahıda yenə hakim Yeni Azərbaycan Partiyası üstünlük təşkil edib.

MSK-dan bəyan edilib ki, onlara gələn bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Qurum təmsilçiləri ümumən seçkilərin Azərbaycan xalqının iradəsini ifadə etdiyini vurğulayıblar.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası da bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb: «Seçki günü baş tutan səsvermə prosesi, müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir... Səslərin hesablanması prosesi müşahidə aparılan məntəqələrin yarısından çoxunda mənfi olaraq qiymətləndirilmişdir ki, bunun da səbəbi, seçki qutularının açılmasından əvvəl mütləq olan prosedurlarının aşkar gözlənilməməsi və şəffaflığın məhdudlaşıdırılması idi».

Xatırlatma

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG