Ermənistan apreldə konstitusiyaya dəyişikliklər üzrə referendum keçirməlidir. Bu, Baş nazir Nikol Pashinian-ın ölkənin Konstitusiya Məhkəməsində hakimlərdən çoxunu vəzifədən kənarlaşdırmaq cəhdi hesab olunur.
Prezident Armen Sarkisian fevralın 9-da fərman imzalayaraq səsverməni aprelin 5-nə təyin edib. Üç gün öncə isə parlament referendumun keçirilməsinə səs verib. Səsvermə məhkəmənin 9 üzvündən 7-nin işdən çıxarılması ilə sonuclana bilər. Həmin hakimlər 2018-ci ildə Pashinian-ın hakimiyyətə gəlməsi ilə nəticələnmiş etirazlardan qabaq təyin olunublar.
“Korrupsiyanın üzünə qapını bağlayacağıq”
Yeddi hakimin yerinə təyinatı Pashinian-ın “Mənim Addımım” blokunun çoxluq təşkil etdiyi Milli Assambleya edəcək.
Vəzifəyə daha sonra təyin olunmuş iki hakim isə postda qalacaq.
“Aprelin 5-də biz İnqilaba, Azadlığa ‘hə’ deyəcəyik, korrupsiyanın üzünə qapını bağlayacağıq”, – Sarkisian fərmanı imzalayandan sonra Pashinian “Facebook” səhifəsində yazıb.
Pashinian sözügedən yeddi hakimi Ermənistanın keçmiş rəhbərliyi ilə əlaqələri saxlamaqda, özünün dediyi kimi, müstəqil ədliyyənin qurulması məqsədi daşıyan islahatları əngəlləməkdə ittiham edir.
Tənqidçiləri isə baş nazirin məhkəmələr üzərində nəzarəti saxlamağa çalışdığını iddia edir.
Dekabrda Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasian-a ədliyyə naziri olarkən hakimiyyətdən sui-istifadə ittihamı irəli sürülüb. Özü isə ittihamı siyasi motivli adlandırıb.
Dekabrın əvvəlində qəbul olunmuş mübahisəli qanun Tovmasian və Konstitusiya Məhkəməsinin yeddi digər hakiminə mandatları başa çatmamış təqaüdə çıxmaq üçün maliyyə imtiyazları nəzərdə tutub.
Prezident administrasiyasının izahı
AzadlıqRadiosu-nun erməni xidmətinin məlumatına görə, prezident administrasiyası prezidentin parlamentin sözügedən qərarıyla bağlı funksiyalarını izah edib.
İzahda qeyd olunur ki, prezident referendum gününü təyin etməklə, yaxud etməməklə, özünün konstitusiya dəyişikliklərinə münasibətini ifadə etmir.
Nikol Pashinian isə Facebook-da canlı efirdə xaricdə yaşayan Ermənistan vətəndaşlarını bilet alaraq Ermənistana getməyə, referendumda iştiraka çağırıb.
Deputatların təklif etdiyi dəyişikliklər layihəsində 2018-ci il aprelin 9-da seçilmiş hakimlərin vəzifə səlahiyyətlərini dayandırmaq təklif olunur.
Dəyişikliklər Hrayr Tovmasian və məhkəmənin daha 6 üzvünə aiddir, iki hakimə – Arman Dilanian və Vahe Grigorian-a şamil olunmur.