Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 02:56

Ermənistanın çoxdankı ‘travması’ – Qərb mediası


Georgi Kutoyan-ın dəfni
Georgi Kutoyan-ın dəfni

Karnegi Fondunun saytında Paul Stronski Ermənistanda keçmiş məmurların ölümündən yazır. Yanvarın 17-də təhlükəsizlik xidmətinin keçmiş rəhbəri, 38 yaşlı Georgi Kutoyan başından güllələnmiş halda tapılıb.

O, sabiq prezident Serzh Sarkisian-ın köməkçisi işləyib, 2018-ci ilədək Ermənistan milli təhlükəsizlik xidmətinə başçılıq edib. Həmin il ölkədə məxməri inqilabla hakimiyyət dəyişib. Müəllif yazır ki, onun qəfil ölümü Ermənistan siyasətində dərin çatları və ədavəti üzə çıxarır.

Əvvəlki hökumətin bəzi məsləkdaşları Kutoyan-ın ölümünü dərhal qətl kimi yozublar. Onlar hazırkı Baş nazir Nikol Pashinian-ın mərhuma sayqı göstərmədiyini, ailəsinə başsağlığı vermədiyini deyərək tənqid edirlər. Pashinian isə iddiaları rədd edir.

“Köhnə rejimin nəzərincə, Pashinian hökuməti qisasçıdır, şəffaf istintaq aparan deyil. Belə tələsik mühakimə müxalifətin hökumətə inanmadığını göstərir – ölkəni kimin idarə etməsindən asılı olmayaraq, bu, çoxdanın problemidir”, – məqalədə deyilir.

Hüquq-mühafizə orqanları ilkin olaraq Kutoyan-ın intihar etməsi versiyasını səsləndiriblər. İndi isə kiminsə onu ölümə məcbur etdiyi araşdırılır. Müəllif Kutoyana qarşı Pashinian hökumətində təhqiqat aparılmadığını yazır. O, vəzifədən gedərkən 2008-ci ildə müxalifətin etiraz aksiyalarının zorakılıqla yatırdılmasına dair sənədləri aparmaqda suçlansa da, ona qarşı istintaq aparılmırdı.

Pashinian hökuməti neyləsin

“Ancaq onun ölümü elə bir siyasi kontekstdə baş verir ki, keçmiş hökumət rəsmiləri yeni Ermənistanda özlərini yenidən təqdim etməyə çalışırlar, amma çox vaxt müstəntiqlərin təzyiqini hiss edirlər, hətta rəsmi ittihamnamə ilə üzləşməsələr belə”, – yazan müəllif 2019-cu ilin sentyabrında sabiq polis rəisi Hayk Harutyunyan-ın ölümünün də narahatlıq yaratdığını qeyd edir. Onun da özünü öldürdüyü bildirilir.

Harutyunyan 2008-ci ildə müxalifətin aksiyası dağıdılanda polisə başçılıq edib. Müxalifətə ovaxtkı prezident Robert Kocharyan-ın göstərişilə divan tutulduğu bildirilir. Harutyunyan Kocharyan və digərlərindən fərqli olaraq həmin hadisələrə görə ittiham olunmayıb. Ancaq ölümündən qabaq gileylənib ki, Kocharyana qarşı saxta ifadə vermək üçün ona təzyiq olunub.

Müəllif qeyd edir ki, Ermənistanda siyasi opponentlərə təzyiq, birbaşa döyülmə halları təzə deyil. Ölkənin siyasi zorakılıqla bağlı kədərli bir tarixçəsi var. “Ancaq Pashinian erasında siyasi zorakılığın davam etməsi narahatedicidir, bunu Baş nazir də etiraf edir”, – məqalədə vurğulanır.

“Keçmişin narahatedici vərdişləri digər formalarda da qalmaqdadır. Hüquq-mühafizə orqanları bəzi hallarda siyasi motivli kimi görünür. Pashinian hökuməti də köhnə sistemin təqibini necə apardığını aydın göstərə bilməyib... Prokurorlar Kocharyan-ı qətiyyətlə izləsələr də, sabiq prezident Sarkisian 18 aydan çox müddətdə toxunulmaz qalıb, yalnız 2019-cu ilin dekabrında ona mənimsəmə ittihamı irəli sürülüb”, – yazan müəllif bütün bu uyğunsuzluqların Pashinan hökumətinin şəffaf, qeyri-siyasi təhqiqat aparmaq öhdəliyi haqda suallar yaratdığını vurğulayır. Bu arada bəzi hallarda hökumətin hakimlərə təzyiq göstərməsi ilə bağlı ittihamlar da mövcuddur.

“Kutoyanın ölümü təkcə ailəsi üçün deyil, Ermənistan üçün bütövlükdə faciədir. Pashinian hökuməti idarəçiliyi yaxşılaşdırma, ölkənin gələcəyinə inam yaratmaqdan ötür böyük səylər göstərir. Amma ötən həftə baş verənlər hökumətin siyasi zorakılığı məhdudlaşdırmaq, vətəndaşlarının hamısının inandığı müstəqil məhkəmə və hüquq-mühafizə sistemi yaratmaq yolunda çox iş görməli olduğunu üzə çıxarır”, – məqalədə deyilir.

Qeyd edək ki, sabiq prezident Serzh Sarkisian barədə cinayət işi artıq məhkəməyə göndərilir. O, dövlət büdcəsindən təxminən 1 milyon dollarlıq vəsaiti mənimsəməkdə ittiham olunur.

XS
SM
MD
LG