Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Mart, bazar, Bakı vaxtı 01:54

Trump 4,8 trilyon dollarlıq büdcə təklif edir – Qərb mediası


Donald Trump

ABŞ Prezidenti Donald Trump seçki ilində 4,8 trilyon dollarlıq büdcə planı layihəsi irəli sürür. Layihədə daha öncə rədd edilmiş, yerli proqramlara ixtisarlar yenidən irəli sürülür.

“Reuters” yazır ki, Trump-ın bazar ertəsi açıqlayacağı büdcə layihəsində xarici yardım 21 faiz kəsilir, eyni zamanda sosial təhlükəsizlik proqramlarına ixtisarlar nəzərdə tutulub.

Büdcədə infrastruktur layihələrə və müdafiəyə vəsait ayrılır. Gəlirlər təxminən 3,7 trilyon dollar civarındadır. Respublikaçı prezident ötən il də xarici yardımı azaltmağı nəzərdə tutmuşdu. Amma Konqres buna qarşı çıxdı və prezidentin təklifi keçmədi.

Agentlik qeyd edir ki, demokratların nəzarətində olan Nümayəndələr Palatasının özəlliklə seçki ilində prezidentin xərcləmə təkliflərini qəbul edəcəyi real görünmür. Trump 2016-cı ildə seçki kampaniyası zamanı ABŞ-ın Meksika ilə sərhədində hasar çəkməyi vəd edirdi. İndi büdcə layihəsində tikintinin davam etdirilməsinə 2 milyard dollar ayrılmasını istəyir. Ötən il o, 8,6 milyard dollar istəyirdi. Trump 2016-cı il kampaniyası dövründə deyirdi ki, hasarın pulunu Meksika ödəyəcək, amma qarşı tərəf bundan imtina etdi.

Demokratları qəzəbləndirəcək dəyişikliklər

Ötən il Konqres Trump-ın təklifimə rədd cavabı verəndən sonra administrasiya hasar tikintisinə hərbi xərclərdən vəsait yönəltdi. Amma bu il Ağ ev bunu etməyəcək, administrasiya rəsmisi agentliyə deyib.

Layihədə hərbi xərclərin 0,3% artırılaraq 740,5 milyard dollara çatdırılacağı nəzərdə tutulur. 2021-ci il üçün nəzərdə tutulmuş bu layihə oktyabrın 1-dən başlamalıdır.

Administrasiya rəsmiləri müdafiə və veteranlar üçün xərclərin artırılmasının təklif olunduğunu təsdiqləyiblər.

Trump xaricə yardıma 44,1 milyard dollar ayrılmasını təklif edir. Ötən il bu məbləğ 55,7 milyard dollar idi.

Ağ ev 10 il ərzində xərcləmələrin 4,4 trilyon azaldılmasını təklif edir. 2021-ci ilin büdcəsində yaşlı amerikalılar üçün “Medicare” proqramı çərçivəsində reseptlə buraxılan dərmanlara dəyişiklik etməklə 130 milyard dollar, fövqəladə vəziyyət proqramlarına ixtisarlardan 292 milyard dollar, ərzaq talonlarından 70 milyard qənaət olunması təklif edilir. “Reuters” bu dəyişikliklərin demokratları qəzəbləndirəcəyini yazır.

Ukraynaya yardım 2020-ci il səviyyəsində saxlanacaq. Trump ötən həftə impiçment maddələri üzrə bəraət aldı. Onun siyasi rəqibi Joe Biden-lə bağlı təhqiqat aparılmasından ötrü Kiyevə təzyiq göstərmək məqsədilə Ukraynaya yardımı yubatdığı bildirilirdi.

Büdcədə ABŞ Daxili Təhlükəsizlik Departamentinin kibertəhlükəsizlik fəaliyyətinə 1,1 milyard dollar ayrılması təklif olunur.

“The Associated Press” agentliyi yazır ki, Trump-ın büdcəsində NASA-ya vəsaitin 3 milyard dollar artırılaraq 25 milyard dollara çatdırılması nəzərdə tutulur və məqsəd astronavtları Aya və Marsa qaytarmaqdır.

XS
SM
MD
LG