Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:18

Qadın sünnətinin müalicəsinə 1,4 milyard dollar xərclənir


İndoneziyada sünnət olunan qız

Hər il dünyada qadın sünnətinin müalicəsinə 1,4 milyard ABŞ dolları xərclənir. Fevralın 6-sı dünyada Qadın sünnəti ilə beynəlxalq mübarizə günü kimi qeyd olunur.

BMT-nin uşaq təşkilatı olan UNICEF bildirir ki, dünyanın bu problemlə mübarizə aparmasına baxmayaraq, qadın sünnəti 30 il qabaqkı kimi bir sıra ölkələrdə geniş yayılıb.

Qadın sünnəti, yəni klitorisin kəsilməsinin tarixi 2 min il öncəyə gedib çıxır, bir sıra mədəniyyət və dinlərə xasdır. Bu ritual mədəni və dini səbəblərlə əsaslandırılsa da, əsl məqsəd qadının seksuallığını nəzarətdə saxlamaqdır.

Dünyada 200 milyon qız və qadının sünnət olunduğu bildirilir.

Sağlıq problemləri

Əsasən Afrikada yerləşən 30-dək ölkəyə xas ənənə olmasına baxmayaraq, araşdırmalara görə, dünyanın 50-dək ölkəsində təcrübədən keçirilib.

Qadın sünnəti zamanı bəzən uşaqlıq yolu dəliyi də tikilir.

Bu əməliyyat qadınlarda uzunmüddətli zehni və fiziki sağlıq problemləri törədə bilər. Buraya xroniki infeksiyalar, menstrual problemlər, sonsuzluq, hamiləlik, yaxud doğuş çətinlikləri daxildir.

Somali qadın sünnətinə görə öndə gedən ölkədir. Burada qadınların 98 faizi sünnət olunub. Ondan sonra Qvineya, Cibuti, Mali və Sierra Leone gəlir. Misirdə də qadınların böyük hissəsi sözügedən əməliyyata məruz qalıb.

Afrikanın 28 ölkəsindən çoxunda qadın sünnətinin qadağan olunmasına baxmayaraq, qanunvericilik zəif işləyir. Çad, Liberiya, Mali, Sierra Leone və Somalidə isə belə qanun yoxdur.

Getdikcə bu əməliyyatın ənənəvi sünnətçilər deyil, peşəkarlar tərəfindən aparılmasına üstünlük verilir. Bu, özünü Misir, Qvineya, Keniya, Nigeriya və Sudanda göstərir.

Dünya liderləri 2030-cu ilədək qadın sünnətinin kökünü kəsmək vədi versələr də, bu təcrübə 30 il qabaqkı kimi Somali, Mali, Qambiya, Qvineya Bisau, Çad və Seneqalda geniş yayılıb.

UNICEF bildirir ki, hətta sünnətin azaldığı ölkələrdə belə, 2030-cu il hədəfinə çatmaqdan ötrü azı 10 dəfə sürətlə iş aparılmalıdır.

Qadın sünnətinin yayıldığı ölkələrdə hər 10 qadından 7-si buna son qoymağı vacib sayır. Sünnət olunmuş qadınların isə yarısı bu fikirdədir.

XS
SM
MD
LG