Keçid linkləri

Təcili xəbərlər
2020, 15 Avqust, şənbə, Bakı vaxtı 20:00

Dünyada 200 milyon qız qadın sünnətinin qurbanıdır


Qadın sünnətinə qarşı poster.

Fevralın 6-sı qadın sünnətiylə beynəlxalq mübarizə günüdür. Dünən – yanvarın 30-da Romada bu problemə həsr olunmuş geniş konfrans başlayıb. İştirakçılar BMT-yə müraciət edib, problemlə dünyanın hər yerində mübarizə aparılmalı olduğunu deyiblər.

BMT-nin uşaqların haqlarını müdafiə agentliyi – UNICEF-in hesablamasına görə, dünyada təxminən 200 milyon qız qadın sünnətinin qurbanıdır. Qurbanıdır, ona görə ki, bu adətin heç bir tibbi əsası yoxdur, qızlarda həm fiziki, həm də psixoloji problemlərlə sonuclanır.

Buna da bax-Qız sünnəti - islamın tələbi, ya milli adət?

Qadın sünnətinin müxtəlif formaları var. «Reuters» xəbər agentliyindən Emma Batha yazır ki, bu adət müxtəlif bölgələrdə müxtəlif şəkildə həyata keçirilir; 15 yaşına qədər qızın xarici cinsiyyət orqanı, ya da onun bir hissəsi kəsilir. Ən ciddi fəsadlar infibulyasiya (cinsi orqanlarda cinsi əlaqəyə əngəl yaratmaqdan ötrü aparılan əməliyyat) nəticəsində baş verir. Əməliyyatı «ara həkimləri» – qadınlar aparır, bunun üçün bıçaqdan, şüşə qırığı, ülgüc, qayçı, konserv qapağı – nədən gəldi, istifadə edirlər.

TƏKCƏ AFRİKA DEYİL

Qadın sünnəti dedikdə, öncə ağla Afrika gəlir, Afrika ölkələrində ildə 3 milyon qız sünnət olunur. Amma mütəxəssislər bu adətin dünyanın müxtəlif yerlərində, həm xristian, həm də müsəlman ölkələrində mövcud olduğunu, sadəcə, gizli gerçəkləşdirildiyini deyirlər. Asiya və Yaxın Şərq ölkələrində də tədbir görülməsə, məsələnin kökündən həll olunmayacağını söyləyirlər.

UNICEF qadın sünnəti qurbanlarının göstərildiyindən – 200 milyondan çox olduğunu bildirir, çünki bu rəqəmlər yalnız 27 Afrika ölkəsində, Yəmən, İraq Kürdüstanı və İndoneziyada aparılan araşdırmalara əsaslanır. Halbuki Hindistan və Sinqapurda da ənənəyə etiraz edənlər səslərini qaldırmağa başlayıblar. Adətlə mübarizə aparan fəallar isə İranın müxtəlif bölgələrində, Rusiyanın Dağıstan vilayətində də qadın sünnəti adətinin mövcudluğunu aşkarlayıblar.

Buna da bax-'Qızımı da sünnət etdirəcəyəm – 7 yaşına çatanda' [video]

Ənənənin yayılmasının səbəblərindən biri də bilgisizlikdir. Çox vaxt ailələr qadın sünnətinin dinin tələbi olduğunu düşünür, halbuki nə Quran, nə də İncildə bu haqda bir söz var. Emma Batha qadın sünnətinin qadının cinsi həyatını idarə etmək arzusundan qaynaqlandığını yazır: «İndi isə onu gigiyenayla bağlayır, dini don geyindirərək yaşadırlar. Çoxları hesab edir ki, qadın sünnəti qızın təmizliyi deməkdir, onu arzuolunmaz münasibətlərdən qoruyur».

FƏSADLAR

Mütəxəssislərin müəyyən etdikləri fəsadlar isə daha çoxdur. Qadın sünnəti ağrılıdır, güclü qanaxmaya, sidik yolları xəstəliklərinə, sonsuzluğa, psixoloji zərbəyə, depressiyaya, bəzən psixoloji pozğunluğa səbəb olur. Üstəlik, qadının əmək qabiliyyətini azaldır, doğuş prosesini çətinləşdirir, bəzən yeni doğulan uşağın ölümüylə sonuclanır.

İnkişaf etmiş ölkələrdə, həmçinin Afrika ölkələrinin çoxunda qadın sünnəti qanunla yasaqlanıb. Amma qanuna çox vaxt əməl edilmir. Misir və İndoneziyada isə xəstəxana və klinikalarda da belə xidmət təklif olunur.

Qadın sünnətiylə mübarizə qrupları Afrikadan başqa 10 Asiya və 9 Yaxın Şərq ölkəsində bu ənənənin gizli şəkildə gerçəkləşdirilməkdə olduğunu deyirlər.

BMT-yə müraciət edən 30-dan çox qurum qadın sünnətiylə daha ciddi mübarizə aparılmasını, məsələnin Asiyada da araşdırılmasını, problemin 2030-cu ilə qədər tam həllini tapmasını istəyib.

XS
SM
MD
LG