Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Koronavirus və insan haqları – Qərb mediası


Çində xəstəxana, 5 fevral, 2020-ci il
Çində xəstəxana, 5 fevral, 2020-ci il

Dekabrdan Çinin Vuhan şəhərində peyda olmuş koronovirus 560 çox adamın həyatına son qoyub, yoluxanların sayı sürətlə artır, 28 mini keçib.

“Amnesty International” hüquq müdafiə təşkilatı epidemiya ilə mübarizənin milyonlarla adamın hüquqlarına təsirindən yazır.

“Koronavirus epidemiyası ilə mübarizədə senzura, ayrıseçkilik və qanunsuz saxlamaya yol verilməməlidir. İnsan haqları pozuntuları ictimai tibbi fövqəladə durumlara reaksiyanı asanlaşdırmır, əngəlləyir, səmərəsini azaldır”, – qurumun regional direktoru Nicholas Bequelin deyib.

Həkimlər necə susduruldu

Təşkilat Çin hökumətinin koronovirus haqda informasiyanı məhdudlaşdırmaqdan ötrü genişmiqyaslı iş apardığını vurğulayır. Dekabrın sonunda Vuhanda həkimlər SARS-a bənzər simptomları olan xəstələrlə bağlı narahatlıqlarını həmkarları ilə paylaşanda yerli hakimiyyət onları dərhal susdurdu, “şayiə yaydıqlarını” deyərək cəzalandırdı. SARS Çində 2002-2003-cü illərdə yayılmışdı.

“Çinin tibb peşəkarları virus barədə həyəcan təbili çalmaq istədilər. Hökumət bu təhlükənin miqyasını kiçiltməyə çalışmasaydı, dünya onun yayılmasına vaxtında reaksiya verərdi”, – Nicholas Bequelin deyib.

Bir ay sonra Çin Ali Məhkəməsi onlayn postunda Vuhan hakimiyyətinin qərarını şübhə altına alıb. Bu, həmin həkimlər üçün bəraət hesab olunur.

Hazırda Vuhanda xəstəxanalar doludur və bir çox pasiyentlər bir neçə saat növbəyə durandan sonra geri qaytarılır. Amnesty Çini əhalinin Vuhanda və başqa yerlərdə adekvat tibbi xidmətə çıxışını təmin etməyə çağırır. Qurum tibbi xidmət hüququnun Universal İnsan Haqları Deklarasiyasında təmin olunduğunu vurğulayır.

Ölkədə senzura bu gün də davam edir. Hakimiyyət virusla bağlı informasiya axınına nəzarət edir, mənfi işıqlandırmanı boğmağa çalışır.

“Çin hakimiyyəti tibb cameəsinin koronovirusla mübarizəsinə kömək edə biləcək informasiyanı sıxıb saxlamaqla risk edir. İnformasiyanın hər kəsə əlçatan olmaması onun ziyanvurma riskini gücləndirir”, – Bequelin vurğulayıb.

“Amnesty International” koronovirusla əlaqədar digər hüquq pozuntuları kimi fəalların qısnanmasını və qorxudulmasını; regionda – Malayziya, Tailand və Vyetnamda virusla bağlı “saxta xəbərlər” yaydıqlarına görə adamların həbsini; Vuhandan olanların, hətta virus simptomları daşımayanların ayrıseçkilik və ksenofobiya ilə üzləşməsini sadalayır.

Qurum həmçinin ölkələri sərhəd nəzarəti və karantin tədbirlərini adekvat həyata keçirməyə çağırır. Məsələn, Avstraliya hökuməti yüzlərlə avstraliyalını Milad Adasında immiqrantların saxlanma mərkəzinə göndərib. Halbuki oradakı şərait daha öncə “qeyri-insani” hesab olunmuşdu.

Vuhan meri nədən narahatdır

“The Financial Times” qəzeti də oxşar problemdən yazır.

“Vuhan hökumətinin xəstəliyin miqyasını düzgün dəyərləndirmədiyi şübhəsizdir”, – bunu Çin mərkəzi hökumətinin adının çəkilməsini istəməyən aparıcı müşaviri deyir.

“Vuhan merinin səhiyyə ekspertlərinin tövsiyələrinə əməl etməyə nə təcrübəsi, nə də həvəsi var. O ancaq bir məsələdən narahatdır ki, xəstəliyin qarşısının alınmaması yerli iqtisadiyyata və sosial sabitliyə ziyan vurar. Mövcud siyasi mühitdə səriştədən çox itaətkarlıq dəyərləndirilir və yerli məmurlar məsuliyyətdən qaçmağa meyllidirlər”, – o, sözlərinə əlavə edib.

Vaşinqtonda mənzillənən CSIS beyin mərkəzində Çin üzrə təhlilçi Jude Blanchette də səhiyyə ilə bağlı fövqəladə durumun arxasında siyasi səbəblər görür.

“Partiya rəsmiləri arasında təbii bir meyl var – mənfi informasiyanı basdırmaq və özünün Pekindəki vəzifəsindən asılı olmayaraq narazı baxışları senzura etmək. Xi Jinping-in hakimiyyəti dövründə boğmaq meyli dərin kök salıb və bu halda uzun müddət hərəkətsizlik virusun yayılmasına yol açıb”, – Blanchette deyib.

XS
SM
MD
LG