Ağ ev Prezident Donald Trump-a qarşı “saxta” impiçment prosesinin “tam bəraət və haqq qazandırma” ilə sonuclandığını iddia edir. Prezident isə fevralın 6-da bu məsələ ilə bağlı danışacağını deyib.
“Bu gün demokratlar tərəfindən uydurulan saxta impiçment cəhdi Prezident Donald Trump-a qarşı tam bəraət və haqq qazandırma ilə başa çatıb”, – Ağ ev fevralın 5-də bildirib. Bundan öncə senatorlar iki impiçment maddəsi üzrə səsvermə keçiriblər və prezidentin vəzifəsindən kənarlaşdırılmasının əleyhinə səs veriblər.
“Həmişə dediyimiz kimi, o, günahsızdır. Senat əsassız impiçment maddələrinin rədd olunmasına səs verib. Yalnız prezidentin siyasi opponentləri, demokratların hamısı və bir uğursuzluğa uğramış respublikaçı prezidentliyə namizəd uydurma impiçment maddələrinin lehinə səs verib”, – bəyanatda vurğulanıb.
Senatorlar prezidentin üzərindən birinci ittihamın – səlahiyyətlərindən sui-istifadə ittihamının götürülməsinə 52-48 nisbətində səs veriblər. Konqresin ədaləti araşdırmasına maneçilik törədilməsinə dair ikinci ittihama xitam verilməsinin lehinə 53, əleyhinə isə 47 senator səs verib.
Respublikaçılardan Trump-ın əleyhinə səs verən yalnız senator Mitt Romney olub.
Prezidentin senatda bəraət alacağı gözlənirdi, çünki 100 yerlik senatda 53 yer respublikaçılara məxsusdur.
Trump “qələbəni müzakirə edəcək”
Səsvermədən sonra Trump Twitter-də yazıb ki, fevralın 6-da günorta (Bakı vaxtıyla axşam 9-da) bəyanatla çıxış edəcək, “İmpiçment Kələyində ölkəmizin QƏLƏBƏSİNİ müzakirə” edəcək.
Trump-ın 2020-ci il seçki kampaniyasının meneceri Brad Parscale da elan edib ki, “Prezident Trump tam bəraət alıb, indi Amerika xalqı ilə məşğul olmaq vaxtıdır”.
Senatda demokratların lideri Chuck Schumer isə bəraəti mənasız, ədalətsiz mühakimənin nəticəsi adlandırıb. Belə ki, respublikaçılar demokratların şahid çağırmasının, sənədlər istəməsinin əleyhinə səs veriblər.
“Şübhəsiz, prezident tam bəraət almasıya lovğalanacaq. Ancaq biz daha yaxşı bilirik. Bilirik ki, bu, mahiyyətcə məhkəmə deyildi”, – Schumer vurğulayıb.
Demokratların nəzarətində olan Nümayəndələr Palatası dekabrda prezidenti sözügedən maddələr üzrə impiçment edib. Ölkənin 45-ci prezidentinin Ukraynaya 391 milyon dollarlıq hərbi yardımı yubatdığı, bunun əvəzində özünün siyasi rəqibi Joe Biden-lə bağlı təhqiqatın başladılması haqda açıqlama istədiyi bildirilirdi.
Trump isə Ukraynayla bağlı hər hansı nöqsana yol vermədiyini deyir.
Prezidentə qarşı səs vermiş Romney 2012-ci ildə respublikaçılardan prezidentliyə namizəd olub. O, prezidentin səlahiyyətlərindən sui-istifadə üzrə impiç olunmasına, ikinci maddə üzrə bəraət almasına səs verib.