Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Ukraynaya təzyiq olubsa belə, ‘impiçmentlik deyil’


Senatda impiçment mühakiməsi, 28 yanvar, 2020-ci il
Senatda impiçment mühakiməsi, 28 yanvar, 2020-ci il

ABŞ Prezidenti Donald Trump-ın vəkilləri deyirlər ki, prezident Ukraynaya hərbi yardımdan siyasi xidmət əvəzində faydalanmağa cəhd edibsə belə, bu, impiçmentə və vəzifədən kənarlaşdırılmağa əsas vermir.

Trump-ın müdafiə komandasının üzvü, təqaüddə olan professor Alan Dershowitz bildirib ki, hər bir siyasətçi öz maraqlarını ictimai rifahla eyniləşdirir və “bu, impiç oluna bilməz”.

Bu arqument Senatda tarixi impiçment mühakiməsinin sual-cavab hissəsinin birinci günü səslənib. ABŞ tarixində üçüncü dəfədir prezidentə belə bir mühakimə qurulur.

Bundan öncəki iki halda prezidentlər bəraət alıb. Senat respublikaçıların nəzarətində olduğundan, prezidentin təqsirli bilinməsi üçün üçdə iki səs çoxluğu gərəkdiyindən bu dəfə də eyni nəticə gözlənir.

Vəkillər arqumenti dəyişir

Nümayəndələr Palatasından demokratlar yanvarın 18-də bildiriblər ki, Trump Ukrayna hökumətinə “təzyiq göstərmək üçün rəsmi səlahiyyətindən istifadə edib”, “şəxsi mənfəəti naminə Birləşmiş Ştatlarda seçki prosesinə müdaxilə” istəyib.

Prezidentin Kiyevə təzyiq göstərməklə siyasi rəqiblərinə qarşı təhqiqat başladılmasını istədiyi, bundan ötrü Konqresin təsdiqlədiyi yardımın ayrılmasını yubatdığı bildirilir. Ukrayna hökuməti belə bir istintaqın başladığını elan etməyincə Prezident Volodymyr Zelenskiy-nin Ağ evə arzulanan səfərinin də ertələndiyi iddia olunur.

Prezidentin vəkillərinin arqumentinə görə, siyasi mənfəətdən ötrü yardımı yubatmaqda yanlış bir şey yoxdur. Bu, müdafiə komandasının arqumentlərində ciddi dəyişiklik sayılır. İndiyədək Trump və müdafiəçiləri Kiyevə təzyiq olunmadığını deyirdilər.

Sual-cavab sessiyasında Texasdan olan respublikaçı Ted Cruz soruşub ki, “əl əli yuyar, əl də üzü” prinsipinə əl atılıbmı, yəni siyasi xidmət əvəzində hərbi yardım və Ağ evə səfər söhbəti olunubmu.

Dershowitz bunun məsələyə dəxli olmadığını söyləyib, çünki bir çox siyasətçilər özlərinin yenidən seçilməsini ictimai mənfəətlə eyni tuturlar.

“Bu səbəbdən prezidentin niyyətlərindən dolayı psixoanalizini aparmaq təhlükəlidir”, – o deyib.

Nümayəndələr Palatasından prokurorlara rəhbərlik edən demokrat Adam Schiff-in Dershowitz-in dediklərindən şoka düşdüyü görünüb.

“Əl əli yuyar, əl də üzü heç də həmişə eyni olmur”, – o deyib və əlavə edib ki, bızi hallarda bu qəbuledilən, bəzi hallarda əksinə ola bilər.

“Boltondan soruşmaq olar”

“Hansının hansı olduğunu bilmək üçün beyin oxumağa ehtiyac yoxdur. Bir məsələni John Boltondan soruşmaq olar”, – Schiff deyib.

Keçmiş milli təhlükəsizlik müşaviri Bolton hələ çap olunmamış kitabında gözlənilməz iddialarla çıxış edib. O, prezidentə istinadla yazır ki, guya o, avqustda Ukraynaya 391 milyon dollarlıq hərbi yardımı yubatmaq istədiyini deyib və bunu Kiyevin demokratlarla bağlı təhqiqat başlatmasına nail olmaq üçün etmək istəyib. İddialara görə, daha çox keçmiş vitse-prezident Joe Biden və oğlu Hunter Biden barəsində araşdırma aparılması istənilib. Xəbəri “The New York Times” yayıb.

Demokratlar Boltonun ifadə verməyə çağrılmasını istəyirlər, Ağ ev isə buna qarşı çıxır. Senatda bu məsələ səsverməyə qoyula bilər, amma respublikaçılar da şahidlərin ifadə verməyə çağrılmasının əleyhinə çıxırlar.

Kitabın nə vaxt çapdan çıxacağı bəlli deyil. Ağ ev yanvarın 29-da Boltonun vəkilinə məktubunu yayıb, əlyazmada “ciddi həcmli məxfi informasiya”nın yer almasına etiraz edib.

Bolton və vəkili isə kitabda hər hansı məxfi informasiyanın olmadığını bildirir.

Bu arada respublikaçılar mühakimənin yanvarın 30-da bitəcəyinə, yəni şahidlərsiz yekunlaşacağına ümidvar olduqlarını deyiblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG