Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 22:37

Kadyrov-u tənqid edən bloqerin Fransada öldürüldüyü deyilir


Imran Aliyev
Imran Aliyev

Çeçenistanlı bloqer Imran Aliyev Fransada oteldə çoxsaylı bıçaq zərbələri ilə ölü tapılıb. O, Kremlin dəstəklədiyi Çeçenistan lideri Ramzan Kadyrov-u tənqid etməsilə tanınırdı.

“Frans Pres” istintaqa yaxın anonim mənbələrə istinadla xəbər verir ki, 44 yaşlı bloqer yanvarın 30-da Fransanın şimalındakı Lil şəhərində otel otağında ölü tapılıb. O, Belçikada yaşayırdı, internetdə Mansur Starıy (Qoca Mansur) adıyla tanınırdı.

Mənbənin bildirməsinə görə, Aliyev Belçikadan bir gün öncə başqa bir şəxslə gəlib, “həmin şəxsin də eyni millətdən olduğu güman edilir”.

Lil şəhər prokurorluğu indiyədək istintaq çərçivəsində heç kəsin saxlanmadığını desə də, əlavə açıqlama verməyib, Frans Pres bildirir.

Yaxınları onun Aliyev olduğunu deyirlər

Yanvarın 30-da “La Voix du Nord” adlı yerli qəzet yazırdı ki, Lildə oteldə bir nəfərin çoxsaylı bıçaq zərbələri endirilmiş cəsədi tapılıb. Ancaq məlumatda həmin şəxsin kimliyindən söz açılmırdı.

Fevralın 1-də “Telegram” sosial şəbəkəsindəki “Chechenskiye Novosti” (Çeçen xəbərləri) hesabında qohumları və dostlarına istinadla həmin şəxsin Aliyev olduğu yazılıb.

İlk dəfə deyil Kadyrov-un tənqidçisi Avropada öldürülür.

Ötən ilin avqustunda keçmiş çeçen separatçı döyüşçü, gürcü əsilli Zelimkhan Khangoshvili Berlində öldürülüb.

Bu qətllə əlaqədar 49 yaşlı, Rusiya pasportu daşıyan bir nəfər saxlanıb. 2013-cü ildə rusiyalı biznesmeninin qətlində də şübhəli bilinən həmin şəxs indiyədək susmaq hüququndan istifadə edib.

Sözügedən qətllə əlaqədar Berlin iki Rusiyalı diplomatı ölkədən çıxarıb, amma Moskva bu işdə dövlətin əli olmasıyla bağlı iddiaları rədd edib.

İnsan haqları qrupları deyirlər ki, 2007-c ildən Çeçenistana rəhbərlik edən Kadyrov repressiv tədbirlərə əl atır, regionda təhlükəsizlik qüvvələri üçün cəzasızlıq mühiti yaradıb. Onlar siyasi opponentlərin Çeçenistan hakimiyyəti tərəfindən qorxudulması, zorakılıq üçün Kadyrov-un tam məsuliyyət daşıdığını deyirlər. Regionda adam oğurluğu, yoxaçıxmalar, işgəncə, məhkəmədən kənar qətl hadisələri də baş verir.

Kremlin tənqidçilərinin fikrincə, Prezident Vladimir Putin bütün bunlara göz yumur, çünki Çeçenistanda separatçı əhvalın nəzarətdə saxlanmasında keçmiş komandir Kadyrov-a etibar edir. Sovet İttifaqı dağılandan sonra Çeçenistanda iki müharibə baş verib, islamçıların silahlı mübarizəsi Şimali Qafqazdakı digər müsəlman regionlara da yayılıb.

XS
SM
MD
LG