Keçid linkləri

Təcili xəbərlər
2020, 05 İyul, bazar, Bakı vaxtı 15:29

7 milyon adamı xərçəngdən necə xilas etməli


Xərçəng xəstəsi olan iraqlı uşaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 4-də – Xərçəng xəstəliyi ilə mübarizə günündə aşağı və ortagəlirli ölkələrdə bu xəstəliyə qarşı xidmətləri gücləndirməyə çağırır. ÜST xəbərdarlıq edir ki, indiki tendensiya davam etsə, gələn iki onillikdə, yəni 2040-cı ilədək xərçəng xəstəliyinə yoluxma halları 60 faiz arta bilər.

Aşağı və ortagəlirli ölkələrdə isə təxminən 81 faizlik artım gözlənir. Bu ölkələrdə xəstəlikdən sağçıxma səviyyəsi çox aşağıdır.

Tövsiyələr

Bunun əsas səbəbi kimi sözügedən ölkələrdə yoluxucu xəstəliklərlə mübarizəyə, ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına məhdud tibbi resursların yönləndirilməsi göstərilir. Üstəlik, xərçəngin önlənməsi, diaqnostikası və müalicəsi üzrə tibbi xidmətlər yaxşı təchiz olunmayıb.

2019-cu ildə yüksək gəlirli ölkələrin 90 faizindən çoxu ictimai səhiyyə sistemində xərçəngin hərtərəfli müalicəsinin əlçatan olduğunu bildirib. Aşağı gəlirli ölkələrdə isə bu göstərici 15 faizdən aşağıdır.

“Bu, zəngin və yoxsul ölkələrdə xərçəng xəstəliyi xidmətlərində qəbuledilməz bərabərsizliklə mübarizə aparmağımız üçün çağırış zəngidir”, – ÜST-dən Dr Ren Minghui deyib.

“Adamların ilkin tibbi xidmətə çıxışı olsa, xərçəng erkən aşkarlanar, effektiv müalicə olunar. Xərçəng istənilən yerdə, heç kəs üçün ölüm hökmü olmamalıdır”, – o, sözlərinə əlavə edib.

Eyni zamanda daya yoxsul ölkələrdə proqresin mümkün olduğu da vurğulanır.

“Növbəti on il ərzində azı 7 milyon həyat xilas oluna bilər. Bunu hər bir ölkə üçün ən uyğun tədqiqat sahəsini müəyyənləşdirməklə, xərçəngə güclü reaksiyanı universal tibbi-sanitar xidmətlərə əsaslandırmaqla, müxtəlif maraqlı tərəfləri birgə işləməyə səfərbər etməklə həyata keçirmək olar”, – ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus deyib.

25 milyard dollarlıq investisiya

ÜST yeni xərçəng hallarını önləmək üçün bir sıra təsdiqlənmiş müdaxilə hallarını da sadalayır. Buraya tütündən istifadəyə nəzarət (xərçəngdən ölüm hallarının 25 faizinin səbəbi tütündür), qaraciyər xərçəngini önləmək üçün Hepatit B-yə qarşı vaksinasiya və sairə daxildir.

Hesabatda o da vurğulanır ki, 7 milyon nəfərin həyatının xilas olunmasından ötrü 25 milyard dollar investisiya lazımdır.

“Xərçəngə nəzarət heç də bahalı olmalı deyil”, – ÜST-nin qeyri-yoluxucu xəstəliklər üzrə departamentindən Andre Ilbawi jurnalistlərə deyib.

Yüksək gəlirli ölkələrdə xərçəngin daha yaxşı müalicəsi 2000-2015-ci illərdə ölüm hallarının 20 faiz azalması ilə sonuclanıb. Bunu Xərçəng Tədqiqatları üzrə Beynəlxalq Agentliyin direktoru Elisabete Weiderpass deyib.

Daha yoxsul ölkələrdə isə azalma cəmi 5 faizdir. “Hamının eyni səviyyədə faydalanmasını görməliyik”, – o vurğulayıb.

XS
SM
MD
LG