Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:17

Auşvitsdən 75 il sonra... antisemitizm ‘dirçəlir’


Auşvits düşərgəsinin girişi
Auşvits düşərgəsinin girişi

Yanvarın 27-də dünya liderləri Polşaya yığışaraq Holokost qurbanlarını yad edirlər. Auşvits ölüm düşərgəsinin sovet əsgərləri tərəfindın azad olunmasından 75 il keçir. “Reuters” agentliyi diqqəti dünyada antisemitizmin yenidən baş qaldırmasına çəkir.

Auşvits düşərgəsində 1,1 milyondan çox adamın, əsasən yəhudilərin qaz kameralarında, aclıqdan, soyuqdan və xəstəlikdən öldüyü bildirilir.

Rəy sorğusu nəyi üzə çıxarıb

Bu düşərgəni nasist Almaniyası 1940-cı ildə Polşada yaradıb, ilkin olaraq polşalı siyasi məhbuslar oraya yerləşdirilib. Daha sonra isə Adolf Hitlerin yəhudiləri öldürmək planının gerçəkləşdiyi ən böyük mərkəzə çevrilib.

Amerika Yəhudi Komitəsinin rəhbəri David Harris “Reuters”ə deyib ki. İfrat sağçılardan tutmuş cihadçılara, ifrat solçulara qədər bir çox qruplar dünyada antisemitizmi alovlandırır.

“Qərbi Avropada yəhudilər kippa taxmazdan öncə iki dəfə düşünürlər, sinaqoqa getməmişdən iki dəfə düşünürlər, koşer supermarketinə girməzdən qabaq iki dəfə götür-qoy edirlər”, – o vurğulayıb.

ABŞ-da mənzillənən Antidefamasiya Liqasının ötən il keçirdiyi sorğuya görə, hər 4 avropalıdan biri yəhudilərə “zərərli və kəskin” münasibət bəsləyir. Şimali amerikalıların 19 faizi belə fikirdədir.

Almaniyada respondentlərin 42 faizi belə bir fikirlə razılaşır ki, “yəhudilər Holokostda başlarına gələnlər haqda hələ də həddindən artıq danışırlar”. Oktyabrda Almaniyanın şərqində sinaqoq yaxınlığında atışmada iki nəfər öldürülüb. Rəsmilər bunu antisemit hücum adlandırıblar.

Qlobal müsəlman missioner cəmiyyətinin rəhbəri Mohammed al-Issa ötən həftə Auşvitsə baş çəkəndən sonra deyib ki, hökumətlər və müsəlman icmaları antisemitizmlə daha çox mübarizə aparmalıdırlar.

“Avropa ölkələrində antisemitizmi kriminallaşdıran daha güclü və daha fəal qanunlar olmalıdır”, – Məkkədə mənzillənən Müsəlman Dünya Liqasının Baş katibi olan Al-Issa agentliyə deyib.

Polşa hökumətinə iradlar

2-ci Dünya müharibəsi zamanı 3 milyon Polşa yəhudisi daxil olmaqla altı milyon polyak qətlə yetirilib, Varşava isə viran qoyulub.

Tənqidçilərin fikrincə, millətçi Hüquq və Ədalət (PiS) hökuməti antisemitizmlə yetərincə mübarizə aparmır, əvəzində Polşanın müharibə dövrü qəhrəmanlığına diqqət ayırır, yəhudilərin əllərindən alınmış əmlakın geri qaytarılması iddialarını gözardı edir.

Ukrayna Prezidenti Volodymyr Zelenskiy də yanvarın 26-da Krakovda Holokostdan salamat çıxanlar və onların ailələri ilə nahara qatılıb. O, qısa çıxış edərək antisemitizmi və irqçiliyi pisləyib, humanitar dəyərləri qorumağın vacibliyindən danışıb.

“Bu xatirələrin çoxu eyni şeyi deyir: “Sakit durmayın!” Gənc nəsil bu əhvalatları bilməli, Holokostun dəhşətlərindən xəbərdar olmalıdır ki, bir daha planetdə belə bir şeyin baş verməsinə imkan verilməsin”, – deyən yəhudi kökənli Zelenskiy Holokostda bəzi ailə üzvlərinin vəfat etdiyini vurğulayıb.

XS
SM
MD
LG