Keçid linkləri

Təcili xəbərlər
2020, 12 Avqust, çərşənbə, Bakı vaxtı 18:35

Seçki bülletenlərinin çapına başlanıb


Seçki

Mərkəzi Seçki Komissiyası bu il fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar bülletenlərin çapına başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, bu məqsədlə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Komissiya üzvləri yanvarın 27-də Milli Məclisin mətbəəsinə baxış keçirərək, çap prosesinin gedişi və orada yaradılan şəraitlə tanış olublar.

MSK sədri bildirib ki, Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı, hazırlanma qaydasına dair tələblər Komissiyanın qərarına əsasən müəyyən olunub və 5 milyon 387 min 600 seçki bülleteninin çap olunması nəzərdə tutulub.

Bülletenlər çap olunduqca, Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, oradan isə məntəqə seçki komissiyalarına verilməlidir.

Qeyd edilib ki, seçki bülletenlərinin çap prosesinin mühafizəsini Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirir.

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Ötən il dekabrın 2-də Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb. Prezident də öz növbəsində bununla bağlı sərəncam verib. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG