Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:22

Nissan-ın keçmiş rəhbəri Livana qaçıb


Carlos Ghosn
Carlos Ghosn

Renault-Nissan-Mitsubishi alyansının keçmiş rəhbəri Carlos Ghosn ötən gecə Livana qaçıb. O, Tokioda ev dustaqlığında idi.

Yaponiyada maliyyə maxinasiyalarında ittiham olunan Ghosn bəyan edib ki, siyasi təqiblərdən dolayı ölkəni tərk edib. O, Yaponiya məhkəmə sistemini təməl insan haqlarını rədd etməkdə suçlayıb, “onun girovu olmayacağını” deyib.

Ghosn deyir ki, “ədalət mühakiməsindən deyil, ədalətsiz mühakimədən və siyasi təqiblər”dən qaçıb. O, yaxın zamanlarda “media ilə azad ünsiyyətə” hazır olduğunu bəyan edib.

NHK telekanalı naməlum mənbəyə istinadla xəbər verib ki, görkəmcə Nissan-ın keçmiş rəhbərinə oxşayan kişi başqa bir adla Beyrut aeroportuna çatıb.

Tokio və Beyrut ekstradisiya barədə razılaşma imzalamayıb.

Carlos Ghosn 2018-ci ilin noyabrında həbs olunub, Nissan-ın hesabına şəxsi sərvətini artırmaqda ittiham olunub. Bu ilin yanvarında Yaponiya prokurorluğu ona yeni – maliyyə maxinasiyaları və xidməti mövqeyindən sui-istifadə ittihamları elan edilib.

İttihamnaməyə görə, o, Tokio fond birjası üçün hesabatlarda 80 milyon dollarlıq gəliri gizlədib, Nissan şirkətinin hesabına özünün 16 milyon dollarlıq itkisini silib.

Yazda müdafiə tərəfi 9 milyon dollar girov qoyub və Ghosn ev dustaqlığına buraxılıb. Özü isə bütün ittihamları rədd edir, onları Nissan rəhbərliyinin “qəsdi və xəyanəti”nin nəticəsi adlandırır.

Necə qaçdığı bəlli deyil

Məhkəmə onun mobil əlaqə və internetə çıxışını məhdudlaşdırmış, evinin ətrafında sutkaboyu videonəzarət qurulmuşdu. Xarici pasportunu vəkillərə qaytaran məhkəmənin qərarına görə, biznesmen Tokiodan kənara çıxmaq, həyat yoldaşı ilə kommunikasiyadan ötrü məhkəmədən xüsusi icazə almalıydı.

Ghosn-un Yaponiyanı necə tərk etdiyi bəlli deyil. Livanın “Aljoumhouria” qəzeti yazıb ki, o, Livana xüsusi təyyarə ilə Türkiyədən gedib. Yaponiyanın NHK telekanalı onun ölkədən başqa bir adla çıxmasının mümkünlüyünü vurğulayır.

Bu iş üzrə məhkəmə prosesi 2020-ci ildə Yaponiya başlanmalıdır. Onu 20 ilədək azadlıqdan məhrumetmə gözləyir.

Livan əsilli Ghosn Braziliyada anadan olub. O, ali təhsilini Parisdə alıb və fəaliyyətə Michelin şirkətində başlayıb. Ancaq məhz avtomobil industriyasında ad çıxarıb, 1990-cı illərin sonlarında Fransanın Renault konserninin bölmələrindən birini böhrandan çıxarıb.

2000-ci illərin əvvəllərində isə Nissan-a rəhbərlik etməyə başlayıb. Nissan Mitsubishi-nin ən böyük payçısına çevriləndən sonra alyansın direktorlar şurasına başçılıq edib. Rəhbəri olduğu şirkətlərdə xərclərin kəskin azaldılması proqramına görə Ghosn-a “xərclərin qatili” deyirdilər.

XS
SM
MD
LG