Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Mart, şənbə, Bakı vaxtı 19:48

Genetikası dəyişdirilmiş körpələrə görə 3 alim həbs olunub


He Jiankui

Çində genetikası dəyişidirilmiş körpələrin dünyaya gəlməsilə bağlı üç tədqiqatçı alim tibbin qanunsuz tətbiqində təqsirli bilinərək məhkum edilib. Bu haqda Çin mediası dekabrın 30-da məlumat yayıb.

“Xinhua” xəbər agentliyinin məlumatına görə, tədqiqatçı He Jiankui 3 il həbsə məhkum edilib və 3 milyon yuan (430 min dollar) cərimələnib.

Digər iki tədqiqatçıya isə daha az cəza və cərimə kəsilib. Zhang Renli 2 il həbs cəzası alıb və 1 milyon yuan cərimələnib. Qin Jinzhou-ya 18 ay həbs kəsilib və 500 min yuan da cərimə kəsilib.

Əsas tədqiqatçı He 2018-ci ilin noyabrında elmi dünyada şok yaratdı, elan elədi ki, dünyada genetikası dəyişdirilmiş körpələrin dünyaya gəlməsinə kömək edib, əkiz qızlar həmin ay doğulub. O, işini “The Associated Press” agentliyinə eksklüziv müsahibəsində müzakirə edirdi.

Gen necə və niyə dəyişdirilib

Bu açıqlama genetikanın dəyişdirilməsi etikasıyla bağlı qlobal müzakirələrə yol açdı. Alim deyirdi ki, embrionlarda geni dəyişdirməkdən ötrü CRISPR adlı alətdən istifadə edib və məqsəd də onların QİÇS (AIDS) virusuna yoluxmaya müqavimətini artırmaq olub.

“Xinhua” məhkəmə sənədlərinə əsasən yazır ki, alimlər iki qadının üç geni dəyişdirilmiş körpə doğmasında rol oynayıb, yəni, üçüncü körpənin dünyaya gəldiyi də təsdiqlənib.

He eksperimentə 8 könüllü cütlüyü cəlb edib. Kişilər İİV xəstəsi olublar. Hazırda uşaqların durumu, harada olduğu bəlli deyil.

Məhkəmə bildirir ki, bu 3 tədqiqatçının həkim kimi işləmək hüququ olmayıb, şöhrət və mənfəət güdüblər, elmi tədqiqatla bağlı Çinin qaydalarını pozublar, elmi araşdırma və tibb sahəsində etik xətti keçiblər.

Onların etika komissiyasının rəyini də saxtalaşdırdığı bildirilir.

He ABŞ-da təhsil alıb, sonradan Çinin cənubunda Honq Konqla həmsərhəd Şenjen şəhərində yerləşən Cənubi Çin Elm və Texnologiya Universitetində laboratoriya qurub.

İttihamnamədə onun Zhang və Qin ilə əlbir olduğu deyilir. Digər iki tədqiqatçının Şenjen şəhərinin yerləşdiyi Quanqdonq vilayətində adı çəkilməyən tibb institutlarında işlədiyi vurğulanır.

Bir müddət qabaq 100-dən artıq çinli alim açıq məktubunda yazırdı ki, DNT-də lazımlı geni tapmağa, onu məhv etməyə, yaxud düzəltməyə imkan verən texnologiyadan istifadə risklidir, əsaslandırılmayıb, biotəbabət icmasının nüfuzu və inkişafına ziyan vurar.

XS
SM
MD
LG