Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:22

Putin-in qızı ‘insan DNT-sinə dəyişikliklər’in müzakirəsində – Qərb mediası


Denis Rebrikov
Denis Rebrikov

Bu ilin yayında Rusiyanın aparıcı genetikləri Səhiyyə Nazirliyi təmsilçiləri və digər rəsmilərlə görüşüblər. Bu görüş insan DNT-nə dəyişikliklər probleminə həsr olunub. Bu toplantıya Prezident Vladimir Putin-in qızı olduğu bildirilən Maria Vorontsova da qatılıb. Bu haqda “Bloomberg” agentliyi görüşün üç iştirakçısına istinadla yazır. Ancaq onlar görüşün konfidensiallığını nəzərə alaraq anonim qalmaq istəyiblər.

Rusiya və xarici medianın məlumatına görə, Vorontsova 2006-2011-ci illərdə Moskva Dövlət Universitetinin fundamental tibb fakültəsində təhsil alıb. O, endikrinologiya üzrə dissertasiya müdafiə edib, diabet tədqiqatları ilə məşğuldur. Bu ilin aprelində yayılmış məlumata görə, Maria Vorontsova prezident sərəncamıyla genetik texnologiyaların inkişafı federal proqramının reallaşması üzrə şuraya daxil edilib.

Nazirlik icazə verəcəkmi

“Bloomberg” yazır ki, Səhiyyə Nazirliyindəki toplantı rusiyalı bioloq, Piroqov adına Rusiya Milli Tibb Araşdırmaları Universitetinin professoru Denis Rebrikov-un tədqiqatlarına həsr olunub. O, iyunda “Nature” jurnalına demişdi ki, ilin sonuna qadın uşaqlığına redaktə olunmuş DNT-li embrion yerləşdirməyə hazırlaşır və çinli genetik Xe Tszyankuya-nın eksperimentini təkrarlayacağına ümid edir. Çinli alim bir müddət öncə redaktə olunmuş genomlu iki qızın doğulduğunu bildirmişdi.

BBC-nin rus xidməti bir neçə ay öncə araşdırma dərc etmişdi. Araşdırma Vorontsova-nın “Yeni tibb şirkəti”nin (“Nomeko”) payçısı olduğunu üzə çıxarmışdı. Bu şirkət Leninqrad vilayətində çoxfunksiyalı tibb kompleksinin tikintisi ilə məşğuldur. Kompleksdə əsasən onkoloji xəstəliklər müalicə olunacaq.

Maria Vorontsova
Maria Vorontsova

Rebrikov işi davam etdirməkdən ötrü Səhiyyə Nazirliyindən təsdiq almalıdır. Ancaq “Bloomberg” yazır ki, Putinin qızı 3 saat ərzində genetiklərə qulaq assa da, sonucda Rebrikovun təcrübələri haqda birmənalı fikir söyləməyib. Onun sözlərinə görə, “insan DNT-sinin redaktəsi özəl sektorda yasaqlanmalı, maksimum nəzarət olunmaqdan ötrü yalnız dövlət müəssisələrində aparılmalıdır”. Ancaq Vorontsova onu da deyib ki, “proqresi dayandırmaq olmaz”.

İndiyədək Putin Maria Vorontsova-nın onun qızı olmasını nə təsdiq, nə də inkar edib. O, Katerina Tixonova barəsində də bir söz deməyib, media onun da Putinin qızı olduğunu yazır. Putin qızları haqda ancaq onu deyib ki, Rusiyada yaşayırlar və elmlə məşğuldurlar.

“Bloomberg” yazır ki, Putinin sözçüsü Dmitry Peskov gen redaktəsiylə bağlı şərh verməyib, bunun “prezident məsələsi” olduğunu deyib.

Rebrikov-un təklifinə yaşıl işıq yandırıla bilərmi? Səhiyyə naziri Veronika Skvortsova “Bloomberg”ə deyib ki, “bu çox mürəkkəb məsələylə etika komitəsi məşğul olacaq”.

Agentlik sözügedən məqaləsinə belə bir başlıq qoyub: “Genetikası dəyişdirilmiş körpələrin gələcəyi Putinin əlinə keçə bilər”.

XS
SM
MD
LG