Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Erdogan Liviyaya hərbçi göndərəcəyini deyir


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Türkiyə Prezidenti Recep Tayyip Erdogan Tripolinin xahişilə yanvarda Liviyaya hərbçi göndərəcəyini deyir. Bu halda Türkiyə əsgərləri Şimali Afrikanın bu ölkəsində vuruşduğu deyilən Kremlə bağlı muzdlularla üz-üzə qoya bilər.

Dekabrın 26-da Tripolidə bir rəsmi Ankaraya hava, quru və dənizdən dəstəklə bağlı rəsmi müraciət göndərildiyini bildirib.

Tripolidəki Milli Razılıq Hökumətini BMT tanıyır. Bu hökumət ölkənin şərqini tutmuş, General Khalifa Haftarın başçılıq etdiyi Liviya Milli Ordusuna qarşı mövqeləri möhkəmləndirməyə çalışırlar. Bu orduya isə Rusiya, Çin, Misir, BƏƏ və İordaniyanın dəstək verdiyi bildirilir.

“Fərqimiz bundadır”

Tripolidəki hökumət 2016-cı ildə BMT-nin vasitəçiliyi ilə qurulub. O zaman ölkə 2011-ci ildə diktator Muammar Qaddafinin devrilməsindən sonra xaos içindəydi.

Moskva Türkiyəyə xəbərdarlıq edib ki, Liviyaya hərbçi göndərməsin.

Erdogan isə bu tənqidi rədd edərək deyib ki, Türkiyə Kremlə bağlı Vagner özəl təhlükəsizlik şirkətinin muzdlularının Haftarı dəstəkləməsinə göz yummayacaq. Moskva Vagner qrupunun Liviyada fəaliyyətini, yaxud onun döyüşçülərini dəsyəklədiyini təsdiqləməyib.

“Rusiyanın orada 2 min Vagner döyüşçüsü var”, – deyən Erdogan Liviyada Sudandan 5 min döyüşçü olduğunu da sözlərinə əlavə edib.

“Onları rəsmi hökumətmi dəvət edir? Xeyr”, – Erdogan vurğulayıb.

“Onlar hərbi barona (Haftara) kömək edirlər; biz isə ölkənin qanuni hökumətinin dəvətini qəbul edirik. Fərqimiz bundadır”, – Erdogan söyləyib.

“Türkiyə oyuna cəlb olunur”

Haftar qüvvələrinin təmsilçilərindən münasibət almaq olmayıb.

Haftarın qüvvələri mərkəzi Tripoliyə çata bilməsələr də, Rusiya və Sudan qüvvələrinin köməyilə paytaxtın cənub ətrafında tədricən irəliləyirlər. Bunu diplomatlar deyir.

Ağ evin dekabrın 26-da yaydığı məlumata görə, Prezident Donald Trump misirli həmkarı Abdel Fattah al-Sisi ilə telefonla danışıb və iki lider Liviyayla bağlı “xarici istismarı rədd edirlər”. Ancaq məlumatda konkret ölkə adı çəkilmir.

“Liderlər razılığa gəliblər ki… liviyalılar nəzarəti xarici ölkələrə verməmişdən münaqişənin həllindən ötrü vacib addımlar atılsın”, – Ağ ev bildirir.

Türkiyəli keçmiş diplomat, İqtisadiyyat və Xarici Siyasi Araşdırmalar Mərkəzinin sədri Sinan Ulgen “Reuters”ə deyib ki, rusiyalı muzdlular Tripolidəki hökuməti təzyiqi artırdığından Liviya və Türkiyə arasında razılaşmanın əldə olunması “sürətlənib”.

“Əsgərlər tezliklə göndərilməlidir, burda risk ondan ibarətdir ki, Türkiyə hərbi oyuna cəlb olunur və burada yeganə yol daha çox oynamaq, daha artıq eskalasiyadır”, – o vurğulayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG