Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Türkiyə Liviyaya əsgər göndərə bilər – Qərb mediası


Liviyanın BMT-nin tanıdığı hökumətinin əsgərləri
Liviyanın BMT-nin tanıdığı hökumətinin əsgərləri

Türkiyə Liviyada BMT-nin tanıdığı hökuməti müdafiə etmək üçün bu ölkəyə hərbçi göndərməyə hazır olduğunu bildirib. “The Guardian” qəzeti yazır ki, belə bir addım Liviyanın şərqinə nəzarət edən General Khalifa Haftar hökumətilə birbaşa hərbi qarşıdurma riski yaradır. Haftarın bu arada Tripolidə milli razılıq hökumətinə (MRH) qətiyyətli hücum planlaşdırdığı güman edilir. Bu hücuma Haftar qüvvələrini dəstəkləyən BƏƏ, yaxud Misirin də qatıla biləcəyi gözlənir.

Haftar xəbərdarlıq edir

Türkiyə son vaxtlar ABŞ Konqresi və AB ilə bir sıra cəbhələrdə ziddiyyət yaşayır. Ötən həftə isə MRH ilə hərbi əməkdaşlıq sazişi imzalayıb və Liviyaya hərbçi göndərə bilər. Saziş şənbə günü Türkiyə parlamentinə göndərilib.

Qəzet yazır ki, indiyədək Türkiyə Fayez al Serraj hökumətini dronlar, silah-sursatla dəstəkləyirdi. Tripolini müdafiədən ötrü hərbçi göndərmək isə durumun daha da qızışması deməkdir.

Həftəsonu Türkiyənin Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar Serraj ilə Dohada diplomatik konfrans çərçivəsində görüşüblər. Çavuşoğlu Dohada deyib ki, hərbçi yollamaqla bağlı rəsmi müraciət olunmayıb, ancaq onun sözlərinə görə, “əsgər göndərmək ən asan yoldur”.

Haftarın hava qüvvələri artıq Türkiyəyə xəbərdarlıq kimi Liviyanın Misrata sahil şəhərini bombalayıb.

BMT Türkiyə və BƏƏ-nin silah embarqosunu rəsmən pozduğunu bildirir. Amma görünür, Türkiyə hökuməti Tripolinin Haftarın əlinə keçməsinə vermək fikrində deyil.

Haftar iddia edir ki, Tripolini islamçı terrorçulardan təmizləmək istəyir. Opponentləri isə onu hərbi cinayətkar sayır, Liviyada azacıq demokratiyaya belə fürsət verməyəcəyini deyir.

Rusiya amili və qaz koalisiyası

Rusiyanın Haftarı dəstəkləməyə 200 muzdlu göndərməsi vəziyyəti daha da qəlizləşdirib. Serraj bundan istifadə edərək Vaşinqton hökumətinin dəstəyini əldə etməyə çalışır.

Rusiya artıq bir neçə ildir Liviyada gedən hərbi əməliyyatlarda rəsmi şəkildə iştirak eləmir. Amma Rusiyanın muzdlu qüvvələri ilin əvvəlində paytaxt Tripolini mühasirəyə almış general Khalifa Haftarın ordusuna hərbi dəstək göstərirdilər. Haftar hücuma apreldə başlayıb, paytaxt yaxınlığında dayandırılıb.

Bu, Liviya lideri Muammar Qaddafi 2011-ci ildə devriləndən bəri ölkədə hakimiyyət çəkişməsinin pik həddi hesab olunurdu.

Qəzet yazır ki, Ankaranın hərəkətləri Yunanıstan, Kipr, Misir, İsrail, İordaniya və İtaliyanın Türkiyəyə qarşı koalisiya formalaşdırmağa sövq edə bilər. Bu ölkələr şərqi Aralıq qaz forumu çətiri altında birləşirlər. Xaricən enerji, daxilən isə hərbi tərəfdaşlıq forumu olan bu bloka Türkiyə daxil deyil. Regionun qaz ehtiyatları ümumilikdə 122 trilyon kubmetr dəyərləndirilir.

Türkiyə bu arada AB-yə xəbərdarlıq edib ki, Liviya ilə razılaşmasını qanunsuz elan etmək hüququ yoxdur.

XS
SM
MD
LG