Tacikistanda rəsmi həftəlik qəzet yerli məmurlara etiraz olaraq ilk səhifəsi boş çıxıb. Məlumatı AzadAvropa/AzadlıqRadiosunun Tacikistan xidməti yayıb.
“Taxti Kubod” qəzeti Xatlon vilayətinin Kubodiyon rayon administrasiyasının orqanıdır. İlk dəfədir ki, Tacikistanda rəsmi nəşr belə bir etirazla çıxış edir.
“Taxti Kubod”un baş redaktoru Alolat Sayfulloyeva redaksiya məqaləsində yazıb ki, “birinci səhifə – güzgüdür, hər bir məmur onda öz simasını görməlidir”.
“Bu, obyektiv informasiyanın olmamasına etirazdır”, – yazan Sefulloyeva son bir ildə yerli məmurlardan heç birinin qəzet üçün bircə sətir də yazmamasından gileylənib.
Həftəlik qəzet yeddi səhifədən ibarətdir və yeganə yerli qəzetdir. Onun yarımştat əsasla çalışan iki müəllim əməkdaşı var.
Məmurların çatımlı olmaması Tacikistanda medianın ümumi problemidir. Dövlət strukturları, digər orqanlar jurnalistlərin suallarının nadir hallardan vaxtında cavalandırırlar, daha çox gözardı edirlər. Ancaq bütün dövlət orqanlarında mətbuat xidmətləri, yaxud ictimaiyyətlə əlaqə departamentləri var.
Tacikistan müstəqil media orqanlarının milli assosiasiyasının sorğusuna görə, ölkə jurnalistlərinin 96 faizi informasiyaya çıxışın indiki durumundan narazıdır.