Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:05

Elvin İsayevə ittiham elan olunub


E.İsayev
E.İsayev

Dekabrın 12-də Ukraynadan Azərbaycana deportasiya olunan Elvin İsayevə ittiham elan edildiyi bildirilir.

Bu barədə Azərbaycanın Baş Prokurorluğundan qeyd edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, bu il avqustun 22-də Nəsimi rayon Məhkəməsində seçilmiş həbs-qətimkan tədbirinin icrası ilə əlaqədar E.İsayev dekabrın 14-də Penitensiar Xidmətin 1 saylı İstintaq təcridxanasına yerləşdirilib.

Habelə bildirilib ki, o, Azərbaycanda kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlarda günahlandırılıb. Mətbuat xidmətinin açıqlamasına görə, avqustun 15-də vəkilinin iştirakı ilə ona ittiham elan edilib.

«E.İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilərək xahişi əsasında Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Gülarə İlyasovanın iştirakı ilə ona ittiham elan edilib. İttihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib», - məlumatda bildirilib.

Açıqlamaya görə, E.İsayevin saxlanma şəraiti və səhhəti normaldır.

E.İsayevin vəkillərindən fərqli açıqlamalar

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında adı çəkilən vəkil Gülarə İlyasovanın «Turan» agentliyinə deməsinə görə, E.İsayev özünü təqsirli bilir və ittihamdan şikayət etməyəcəyini söyləyib.

Amma E.İsayevin qohumları dekabrın 16-da vəkil Vüqar Xasayevlə müqavilə bağlayıblar. «Dekabrın 16-da müstəntiqlə telefon əlaqəsi saxlayaraq E.İsayevin hüquqlarını müdafiə edəcəyimlə bağlı müqavilə bağladığımı bildirdim. Orderimi əvvəlcə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində müstəntiqə təqdim etmək istədim, lakin qəbul etmədilər», - V.Xasıyev bildirir.

«Həm mənim, həm də hüquqlarını müdafiə etməli olduğum şəxsin...»

Vəkilin sözlərinə görə, ona bildirilib ki, order Baş Prokurorluq vasitəsilə idarəyə göndərilməlidir. V.Xasayev habelə deyir ki, dekabrın 17-si saat 10-da orderi Baş Prokurorluğa təqdim edib, oradan isə bildirilib ki, sənəd həmin gün saat 11-də Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə göndəriləcək:


«Saat 14:30-da bu idarəyə zəng etdim, dedilər, artıq order təqdim edilib. Bir az keçmiş müstəntiq zəng etdi ki, dekabrın 18-də məni 1 saylı Bakı İstintaq Təcridxanasında İsayevə təqdim edəcək. Bu gün, dekabrın 18-də müstəntiqlə yenidən əlaqə saxladım. Dedi ki, order hələ ona verilməyib. Məni hələ də Elvin İsayevə təqdim etməyiblər. Bu səbəbdən bu gün Baş Prokurorluğun və Ombudsmanın qaynar xəttinə müraciət etmişəm. Hüquqlarını müdafiə etməli olduğum şəxsin müdafiəsinə buraxılmadığımı bildirmişəm. Həm mənim, həm də hüquqlarını müdafiə etməli olduğum şəxsin hüquqları pozulmaqda davam edir».

Baş prokurorluqdan, hələlik, vəkil V.Xasayevin bu açıqlamasına münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ötən həftə, bir müddət öncə Rusiyada yaşayan Elvin İsayevin Ukraynadan Azərbaycana deportasiya edilərək həbs olunduğu haqqında məlumat yayılmışdı. Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, dekabrın 12-də Azərbaycan vətəndaşı E.İsayev Ukraynadan miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qayıdış şəhadətnaməsi əsasında ölkəsinə deportasiya edilib. Amma, eyni zamanda, Xidmətin yaydığı məlumatda vurğulanıb ki, dekabrın 14-də E.İsayev barəsində bundan əvvəl Nəsimi Rayon Məhkəməsində seçilmiş həbs-qətimkan tədbiri ilə əlaqədar Penitensiar Xidmətin 1 saylı İstintaq təcridxanasına yerləşdirilib.

E.İsayevi bu il avqustun 25-də yaşadığı Rusiyanın Sankt-Peterburq şəhərində hüquq-mühafizə orqanlarınin saxladığı açıqlanmışdı. Onun Rusiyada yaşayan əcnəbilərlə bağlı qanunu pozmaqda ittiham olunduğu və Azərbaycana deportasiyasının gözləndiyi bildirilirdi. Lakin E.İsayevin yaxınları bildirmişdi ki, o, Rusiya vətəndaşıdır və saxlanması Azərbaycan hakimiyyətin sifarişi sayılır. Bir müddət sonra E. İsayevin sərbəst buraxıldığı qeyd edilirdi.

E.İsayev sosial şəbəkələrdə Azərbaycanın vəzifəli şəxslərinin ünvanına tənqidi çıxışları ilə tanınırdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG