Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 01:57

Ödənişli analıq məzuniyyəti verməyən ölkə


İllüstrativ foto
İllüstrativ foto

Son yarım əsrdə Birləşmiş Ştatlarda tam, yaxud yarımştat işləyən anaların sayı 51 faizdən 72 faizə yüksəlib. İki valideynli ailələrin isə demək olar, yarısında hər iki valideyn tamştatlı işdə çalışır. Eyni zamanda atalar getdikcə uşaqlarının qayğısına daha çox qalırlar, yəni atalıq daha evə çörək gətirməkdən daha geniş anlam kəsb etməyə başlayır. Bu haqda “Pew” araşdırmalar mərkəzi yazır.

Di gəl, bütün bu dəyişikliklərə baxmayaraq, Birləşmiş Ştatlar dünyanın 41 ölkəsi sırasında yeni valideyn olanlara ödənişli məzuniyyət verməyən yeganə ölkədir. Bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatlarına əsasən demək olar. Digər 40 ölkədə ən azı iki aylıq ödənişli məzuniyyət nəzərdə tutulur.

Müqayisə üçün, Estoniyada yeni valideyn olanlar ilyarımdan artıq müddətə ödənişli məzuniyyət götürə bilərlər. Bu, istənilən ölkənin təklif etdiyindən çoxdur. Bolqarıstan, Macarıstan, Yaponiya, Litva, Avstriya, Slovakiya, Latviya, Norveç və Sloveniya isə bir ildən artıq müddətə ödənişli məzuniyyət təklif edir.

ABŞ-da da bəzi addımlar atılır

OECD-nin statistikasında yeni valideyn olanlar üçün məzuniyyət 3 kateqoriyaya bölünür: 1) analara doğuş, yaxud övladlığa uşaq götürəndə verilən analıq məzuniyyəti; 2) uşağın doğulması, yaxud övladlığa götürmə zamanı atalara verilən atalıq məzuniyyəti; 3) analıq, yaxud atalıq məzuniyyətindən sonra valideynlik məzuniyyəti.

Bəzi hallarda valideynlik məzuniyyəti ancaq analara, yaxud ancaq atalara verilir. Bəzi hallarda hər iki valideyn bu məzuniyyəti götürə bilir.

41 ölkədən 20-də ödənişli məzuniyyətin böyük hissəsi analıq məzuniyyətinə görə verilir.

“Pew” bir məsələni də qeyd edir ki, ABŞ ödənişli valideynlik məzuniyyəti verməyən yeganə ölkə olsa da, Kaliforniya, Nyu Cersi, Nyu York, Rod-Aylend, Kolumbiya Dairəsində ştat səviyyəsində ödənişli məzuniyyətlər nəzərdə tutulur. Vaşinqton ştatı ödənişli məzuniyyət proqramını 2017-ci ildə qəbul edib, gələn ilin əvvəlindən qüvvəyə minəcək.

ABŞ Nümayəndələr Palatası isə bu yaxınlarda bir qanun layihəsi qəbul edib. Federal işçilərə – həm kişilərə, həm də qadınlara yeni doğulmuş körpə, yaxud övladlığa götürülmüş uşağa baxmaq üçün 12 həftəlik ödənişli məzuniyyət veriləcək. Senatın bu həftə bu layihəni səsverməyə çıxaracağı gözlənir. Prezident Donald Trump da plana dəstəyini bildirib.

XS
SM
MD
LG