Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:16

2019 - müqavimət, ya islahat ili?


Mitinqlər, 20-25 ildir yüksək vəzifədə oturmuş məmurların istefaya göndərilməsi, parlamentin buraxılması, islahat vədləri... 2019-cu il tarixə bu siyasi hadisələrlə düşür.

Başa vurduğumuz il videobloqer Mehman Hüseynova əlavə ittihamlar irəli sürülməsinə qarşı keçirilən, son illərin ən kütləvi mitinqi sayılan etiraz aksiyası ilə başladı.

Aksiya Milli Şuranın təşəbbüsü ilə baş tutsa da, Müsavat, ReAL kimi partiyalar da orda iştirak etdi. Rəsmi məlumatda mitinqə 3 minədək insanın gəldiyi deyilsə də, müxalifət daha yüksək rəqəm səsləndirmişdi. Bu aksiya ilə bağlı videogörüntülərə sosial mediada baxış milyonu ötmüşdü.

Amma bu, müxalifətin 2019-cu ildə hakimiyyətlə razılaşdırılmış ilk və son aksiyası oldu. Siyasi qüvvələr sonradan mitinq üçün dəfələrlə müraciət etsələr də, Bakı şəhər İcra Hakimiyyəti İdman-Sağlamlıq Kompleksinin stadionunda (bəzən “Məhsul” stadionu da deyilir) aksiyaya razılıq vermədi.

Rəsmi qurumlar bunu 19 yanvar mitinqindən sonra “aksiyanın keçirildiyi məkanın yaxınlığında insanların dincliyinin, nəqliyyatın və müəssisələrin normal fəaliyyətinin pozulması” ilə izah etdilər. Bundan sonra bir qayda olaraq mitinq keçirmək üçün şəhərdən 20 km kənarda yerləşən “Neftçi” idman klubunun Lökbatan qəsəbəsindəki təlim-idman bazasına getmək təklif edildi.

“Sosial problemlərin həllində inqilab”

Müxalifət bunu bəhanə saydı, hakimiyyətin kütləvi aksiyalardan çəkinməsi ilə əlaqələndirdi.

Çoxsaylı rədd cavablarından sonra oktyabrın 19-da Milli Şura razılaşdırılmamış aksiya keçirməyə cəhd etdi. Bu zaman sıravi müxalifətçilərlə yanaşı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də saxlanıldı, zorakılığa məruz qaldı.

İqtidar isə ilin əvvəlindən başlayaraq bəziləri 19 yanvar mitinqində də sadalanan sosial problemlərin həlli yönündə addımlar atmağa başladı. Bura problemli kreditlərin həllindən tutmuş sosial müavinətlərin artırılmasına, Qarabağ döyüşlərində həlak olan bəzi şəxslərə müavinət verilməsində yaranan anlaşılmazlıqlara son qoyulmasına qədər bəzi məsələlər daxil idi. İqtidar bunu “sosial problemlərin həllində inqilab” kimi təqdim etməyə başladı.

Novruz bayramı ərəfəsində isə yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı bir çox şəxs əfv sərəncamı ilə azadlığa çıxdı. Onların arasında gənc fəallar - NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə, “heykəl məhbuslar;” kimi tanınan Bayram Məmmədov və Qiyas İbrahimov, yaşı 70-i ötmüş, keçmiş səhiyyə naziri Əli İnsanov da vardı.

Novruz bayramının sonlarında dövlət başçısı İlham Əliyev siyasi islahatların anonsunu verdi:

“İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub”.

Hərçənd sonrakı dövrdə yalnız məhkəmə islahatları ilə bağlı sənəd ortaya qoyuldu.

Vəzifədən göndərilənlər, yeni gələnlər

Siyasi hakimiyyət bu il həm də kadr dəyişikliklərinə start verdi. İyulun 20-də İlham Əliyevin sərəncamı ilə 25 il ölkənin daxili işlər naziri olmuş Ramil Usubov vəzifədən azad edildi. Onun yerinə müavini Vilayət Eyvazov təyin olundu. Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev bir qədər öncə ləğv edilən Müdafiə Sənayesi Nazirliyinin başına gətirildi, DTX sədri Əli Nağıyev oldu.

Keçmiş daxili işlər naziri Ramil Usubov prezident yanında təhlükəsizlik şurasının katibi təyin edildi. Həmin dövrə qədər TŞ-nin katibi kimi təqdim olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bir neçə ay sonra - oktyabrın 23-də, təxminən bir ay sonra isə prezidentin köməkçisi Əli Həsənov tutduqları vəzifədən azad olundular.

Bu ilin payızında baş nazir Novruz Məmmədovu Əli Əsədov əvəzlədi.

Nəhayət dekabrda Milli Məclis buraxıldı və yeni seçkilərin vaxtı təyin olundu. Parlamentin buraxılması təşəbbüsü hakim Yeni Azərbaycan partiyasına aiddir.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri, digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşdirilməsini, parlamentin yeniləşməsini zəruri edib.

“Bu il hakimiyyətdaxili qarşıdurmada bir klanın aradan çıxması, digərinin mövqeləri ələ keçirməsi prosesi tamamlandı. Hesab edirəm ki, bu, 2019-cu ildə baş verən hadisələr arasında ən vacibidir”, – Turan xəbər agentliyinin redaktoru, siyasi şərhçi Şahin Hacıyev başa çatmaqda olan ilin siyasi yekunlarını şərh edərkən deyir.

O, parlament seçkilərini də ayrıca vurğulayır. Siyasi şərhçi növbədənkənar parlament seçkilərinin xeyli vaxtdır planlaşdırıldığını, bu haqda əvvəlcədən məlumatlar sızdırıldığını, rəsmi səviyyədə təkzib edilsə belə gözlənildiyini qeyd edir.

“İl islahatlarla yadda qalır”

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunin fikrincə, il daha çox hakimiyyətin başladığı islahatlarla yadda qalır.

Onun sözlərinə görə, ölkə başçısı ilin əvvəlində islahatların anonsunu versə də, sonradan “islahatlar kursundan çəkildi”:

“Amma o ilin sonunda islahatları davam etdirdi. Baş nazir, Prezident Administrasiyasının rəhbəri vəzifədən getdi. Hakimiyyətə tamam yeni qüvvələr gətirildi. Düzdür, Samir Nuriyev də məmur idi, amma Administrasiya üçün tamam yeni adamdır və ya iqtisadiyyata da daha səriştəli, yeni adam təyin olundu. Novruz Məmmədov xarici siyasəti yaxşı bilirdisə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına görə gətirilmişdisə, Əli Əsədov iqtisadçıdır, peşəkardır”.

Mübariz Əhmədoğlunun qənaətincə, ölkədə “köklü dəyişiklik” gedir, kadr islahatları aparılır: “Prezident yeni idarəçilər elitası formalaşdırır, mən onun dəqiq konsepsiyasını, qərarlarında ardıcıllıq görürəm”.

“Müqavimət, oyanış ili”

“2019-cu il Azərbaycan cəmiyyətinin müqavimət, oyanış ili kimi yadda qalmalıdır”, – Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi bildirir. Onun sözlərinə görə, siyasi hakimiyyət “xalqı uzun müddət əzəndən sonra o ilk dəfə öz müqaviməti ilə nələrisə əldə etməyə cəhd göstərdi və qismən də nail oldu”.

AXCP sədrinin müavini 2019-cu ilin yanvar mitinqindən, aclıq aksiyalarından sonra siyasi məhbus adlandırılan şəxslərə əlavə ittihamların irəli sürülməsi praktikasına son qoyulduğunu bildirir. Onun iddiasına görə, hakimiyyət müxalifətin sosial çağırışlarından narahat olaraq sosial islahatlara başladı, müavinətləri, təqaüdləri artırdı.

Mübariz Əhmədoğlu isə mitinq taktikasının qəti əleyhinədir və ərəb ölkələrində baş verənləri xatırladaraq “mitinqlə ehtiyatlı olmaq lazımdır” deyir:

“Demokratiya, sosial rifah arzulayanlar bunun hər ikisindən məhrum olunublar, üstəlik dövlətlərini itirmək təhlükəsi ilə üz-üzədirlər”.

2020-ci ildən gözlənənlər

AzadlıqRadiosunun müsahibləri 2019-cu ildə başlanan siyasi proseslərin növbəti ildə davam edəcəyini bildirirlər.

“Sızdırılan məlumatların hələlik, hamısı gerçəkləşməyib, onlar doğrudursa, bir neçə nazirin getməsi də gözlənilir. Yenə güc strukturlarında dəyişikliklər gözlənilir”, – Şahin Hacıyev deyir. O, köhnə komandanın sabotaj törədəcəyini istisna etmir.

İstənilən halda fevralın 9-na təyin olunmuş parlament seçkiləri artıq indidən ölkənin siyasi gündəmində nisbətən canlanmaya səbəb olub və görünən odur ki, yanvardan hadisələr daha qaynar, daha canlı ola bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG