Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:04

'Lift işi' üzrə məhkəmə başladı


Lift

Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan «Bakı Lift Təmir-2» İstehsalat Birliyinin sabiq rəisi Ruslan Dilanov hakim önünə çıxarılıb. O, ölkədə liftlərin dəyişdirilməsi, təmirindən ötrü büdcədən ayrılan vəsaitin yeyintisində suçlanır.

Bu məsələ Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Dekabrın 11-də məhkəmədə prokuror ittihamı elan edib. Məlum olub ki, binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün vəsait ayrılıb. Bu vəsaitin təxminən 1 milyon 835 min manatının mənimsənildiyi, dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqların təyinatı üzrə istifadə olunmadığı, ticarətlə məşğul olan şəxslərə satıldığı bildirilir. İttihamnaməyə görə, saxta sənədlər tərtib edilərək, həmin materialların istifadə olunduğu rəsmiləşdirilib. Bütün bunların 2013-2015-ci illərdə baş verdiyi qeyd olunur.

Cinayət işinin materiallarında yazılıb ki, R.Dilanov bu işləri tək görməyib, tabeliyində işləmiş şəxslərlə də əlbir olub. Amma o, məhkəmə önündə tək dayanıb.

Ona qarşı CM-in 179 (mənimsəmə və ya israf etmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

R.Dilanov məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittihamlarla razılaşmır, özünü təqsirli bilmir.

Söhbət «Bakı Lift Təmir» İstehsalat Birliyinə ayrılan vəsaitlərin mənimsənilməsindən getdiyinə görə bu qurum zərərçəkmiş qismində tanınıb. İdarənin maliyyə şöbəsinin rəisi Ağakərim Abdulov da bu qurumu təmsil edir.

Cinayət Məcəlləsində külli miqdarda mənimsəməyə görə 5 ildən 10 ilə qədər, vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 3 ildən 7 ilə qədər, vəzifə saxtakarlığına görə isə 2 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG