Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Yanvar, Cümə, Bakı vaxtı 12:54

Repressiya altında yaşayanların sayı artır


Bakıda qadın fəalların etiraz aksiyası, 20 oktyabr, 2019-cu il

Bir il öncəylə müqayisədə repressiv ölkələrdə yaşayanların sayı iki dəfə artıb. Dekabrın 10-da CIVICUS Monitor təşkilatı “Əhalinin Gücü Hücum Altında 2019” adlı hesabatını açıqlayıb. Bu qeyri-kommersiya təşkilatı 196 ölkədə təməl azadlıqlara sayqını izləyir və reytinqini hazırlayır.

Hesabatda deyilir ki, bütün dünyada birləşmə, sərbəst toplaşma, ifadə azadlıqları üzrə geriləmə yaşanır. Son bir ildə vətəndaş hüquqlarının pozulduğu ölkələrdə yaşayanların sayı iki dəfə artıb: Hazırda dünya əhalisinin 40 faizi repressiv ölkələrdə yaşayır, ötən il 19% idi.

CIVICUS Monitor bir çox ölkələrdə vətəndaş cəmiyyətinə hücum olunduğunu bildirir. Dünya əhalisinin cəmi 3 faizi təməl azadlıqlarının ümumilikdə qorunduğu və sayqı gördüyü ölkələrdə yaşayırlar. Ötən il bu göstərici 4% idi.

Hesabatda 2019-cu ilin etiraz və onun yatırdılması ili olduğu vurğulanır. 2018-ci ilin oktyabrından 2019-cu ilin noyabrınadək dünyanın 96 ölkəsində etirazçılar saxlanıb, etirazlar yatırdılıb, insanların dinc toplaşma azadlığını önləmək üçün aşırı gücə əl atılıb.

“Amma bütün bu repressiyaya baxmayaraq, vətəndaş hərəkətliliyini önləmək mümkün olmayıb. Sudandan tutmuş Honq Konqa qədər adamlar səfərbər olunur, etiraz hüququna qadağalara meydan oxuyaraq yeni metodlar hazırlayırlar”, – hesabatda vurğulanır.

Azərbaycan və Türkmənistan

Təşkilat Azərbaycan və Türkmənistanın regionda vətəndaş azadlıqları reytinqində ən pis göstəriciləri olduğunu qeyd edir.

Hesabatda deyilir ki, Azərbaycanda vebsaytların bloklanması adi hala çevrilib, böhran xarakterli kontenti bəhanə edərək saytları bloklayırlar.

CIVICUS Monitor 30 ölkədə insan haqları müdafiəçilərinin azadlığa buraxıldığını, yaxud bəraət aldığını sənədləşdirib. Bu hallar Nikaraqua, Azərbaycan, Qvatemala və Yunanıstanda baş verib.

Ancaq Azərbaycan rəsmiləri ölkədə insan haqları pozuntularını qəbul etmirlər, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirirlər.

CIVICUS əsasən iki ölkədə – Malta və Serbiyada vətəndaş məkanında durumun pisləşdiyini qeyd edir. Regionda bircə Moldova reytinqini yaxşılaşdırıb, azadlıqların “önləndiyi” ölkədən “məhdudlaşdırılan” kateqoriyaya düşüb.

Avropa Birliyi üzvlərində də vətəndaş cəmiyyəti üçün şərtlərin pisləşdiyi vurğulanır. “Hətta adamların siyasi və demokratik azadlıqlarından istifadə edə bildiyi ölkələrdə belə etirazçıları dağıtmaq üçün aşırı gücdən istifadə olunur”, – hesabatda vurğulanır.

Bir çox ölkələrdə senzuradan geniş istifadə olunduğu bildirilir. Banqladeş, Tailand, Pakistanda jurnalistlər hədəfə alınır, qısnanır, yazdıqları kriminallaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG