Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Bu il 'Ərəb baharı' niyə olmadı – Qərb mediası


Çilidə etirazçı
Çilidə etirazçı

Başa çatmaqda olan 2019-cu il dünyanın bir sıra ölkələrində kütləvi etirazlarla yadda qaldı. “The Washington Post” qəzetində Jackson Diehl builki etirazların 2011, 1989, yaxud 1968-ci illərdəki kimi əzəmətli nəticələr ortaya qoya bilmədiyini yazır.

Müəllif bu il Əlcəzair, Sudan və Boliviyada çoxdan hakimiyyətdə olan liderlərin, eləcə də Livan və İraqın baş nazirlərinin istefaya məcbur edildiklərini vurğulayır. “Ancaq 1989-cu ildə Şərqi Avropada kommunist rejimlərini, 2011-ci ildə üç ərəb diktatorunu devirən inqilab dalğasının bu il oxşarını görmədik”, – deyə yazır.

Doğrudur, bir tərəfdən Çində 1989-cu ilin Tiananmen qırğını, 1968-ci ildə Meksikada tələbələrin qətli, elə həmin il sovetlərin Çexoslovakiyanı tutması kimi qanlı hadisələr də baş vermədi. Bircə İran küçə etirazlarını təmizləməkdən ötrü silaha əl atıb.

İslahatlar vədi

Ötən ay İranda hökumətin yanacağı bahalandırması qərarı kütləvi etirazlara səbəb oldu. İnsan haqları təşkilatları yüzlərlə etirazçının öldürüldüyünü bildirir.

“2019-cu ili fərqləndirən istər demokratik, istərsə də avtokratik hökumətlərin iğtişaşları danışıqlar, güzəştlər, islahat vədləri ilə yatırtmağa çalışmasıdır. Bu, həmin liderlərin Tiananmen meydanından, (Suriya prezidenti Bashar) al-Assad-dan nəsə öyrəndiyini göstərir; onlar qəssab kimi ad çıxarmaq istəmirlər. Bu yolla bəziləri devrilməkdən canlarını qurtarıb. Eyni zamanda 2019-cu il iğtişaşlarının əhəmiyyətli siyasi dəyişiklik ilə sonuclanma ehtimalı da yaranıb”, – müəllif qeyd edir.

Məqalədə buna örnək kimi Çili göstərilir. İlkin olaraq metroda gedişin bahalanmasına etiraz başlandı, sonradan yüzminlərin qoşulduğu kütləvi nümayişlərə çevrildi. Etirazların yatırdılması zamanı azı 23 nəfərin həyatını itirdiyi bildirilir. Ancaq ötən həftə hökumət 100 min iş yerinin yaradılmasına 5,5 milyard dollar ayırıb; 1,3 milyon yoxsul ailə üçün aylıq subsidiya, minimum əməkhaqqı, yeni tibbi sığorta proqramları nəzərdə tutulub.

İraqda və Livanda isə konstitusiya islahatları müzakirə olunur. “Siyasi mübarizənin küçələrdən parlamentlərə keçməsi əhəmiyyətli dəyişiklikdir”, – müəllif vurğulayır.

XS
SM
MD
LG