Dekabrın 5-də bir qrup telekanala ənənəvi canlı müsahibədə Rusiyanın Baş naziri Dmitry Medvedev iki ölkə arasında “çox yüksək” səviyyəli inteqrasiyanı alqışlayıb.
“Bizim ittifaq dövlətimiz var. Bu, böyük məsələdir. Həqiqətən də, çox vaxt mübahisəmiz olur, bəzi təhqirlər səsləndirilir, emosional partlayışlar baş verir. Ancaq obyektiv baxsaq, ölkələrimiz arasında inteqrasiya çox yüksək səviyyədədir”, – Medvedev deyib. O, dekabrın 5-də Belarusun Baş naziri Syarhey Rumas ilə görüşməlidir.
Medvedev jurnalistlərə onu da deyib ki, belaruslular istəmirlərsə, suverenliklərindən əl çəkməyə “ehtiyac yoxdur”, amma onu da vurğulayıb ki, “istənilən inteqrasiya suverenliyin qismən azalmasıdır”.
***
Belarus Prezidenti Alyaksandr Lukashenka ölkəsinin Rusiyayla strateji tərəfdaşlığa sadiqliyini təsdiqləyir. Dekabrın 5-də parlamentdə çıxış edən Belarus lideri sıravi vətəndaşların keçmiş Sovet İttifaqının bərpa olunma ehtimalıyla bağlı qorxusunu azaltmağa çalışıb.
Üç gün sonra Lukashenka rusiyalı həmkarı Vladimir Putinlə Rusiya-Belarus İttifaq Dövləti çərçivəsində gələcək inteqrasiyanı müzakirə etməlidir. Bu qurum 1990-cı illərdə təsis olunsa da əsasən kağız üzərində qalıb.
“Heç kəs bizə ziyan vura biləcək sənədlərə imza atmayacaq”, – Belarusu 25 ildir idarə edən, bəzən “Avropanın sonuncu diktatoru” adlandırılan Lukashenka bildirib.
“Başqa bir ölkəyə qoşulmağı heç vaxt planlaşdırmamışıq”
“Biz qardaş ölkəmiz Rusiya daxil olmaqla başqa bir ölkəyə qoşulmağı heç vaxt planlaşdırmamışıq”, – o əlavə edib.
Son dövrlər Putin və Lukashenka inteqrasiya üzrə bir neçə dəfə danışıq aparıblar. Belarus lideri isə ancaq bərabər tərəfdaşlığı vurğulayıb.
Sıravi belarusluların çoxu Moskvaya əlavə inteqrasiyanın ölkənin suverenliyini təhlükəli formada dəyişəcəyindən ehtiyatlanır.
Belarus Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Müşahidəçilərin fikrincə, Moskva bu regional təşkilatlar vasitəsilə keçmiş Sovet İttifaqı ərazisində nüfuzunu, həm də Avropa Birliyi və NATO-ya qarşı mövqeyini gücləndirir.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Moskvanın qonşularına münasibəti sarıdan narahatlıq artdı. O vaxtdan Ukraynanın şərqində rusiyapərəst separatçılarla münaqişədə 13 mindən çox adam həlak olub.
“İttifaq Dövlətində daha dərin inteqrasiya proqramı, yol xəritələri paketi, hər iki ölkə üçün həssas məsələləri əhatələyən razılaşmalar üzərində iş yekun mərhələdədir”, – Lukashenka vurğulayıb.
“Məqsəd milli dəyərlərimizi qoruyub saxlamaqdır. Bu dəyərlər – xalq, ədalətli münasibət və Belarusun suverenliyi ölkənin siyasi kursunun təməlini formalaşdırıb”, – 65 yaşlı prezident deyib.