Çexiyanın Baş prokuroru Baş nazir Andrej Babis-ə qarşı cinayət işini yenidən açıb. Bir müddətdir milyarder baş nazirin biznes maraqları ölkədə böyük etirazlara səbəb olub. Son etiraz aksiyasında nümayişə çıxanlar baş nazirdən tələb ediblər ki, ya biznes maraqlarından əl çəksin, ya da vəzifədən getsin.
Etirazlara Babis-in hakimiyyətdən sui-istifadə edərək Avropa Birliyi subsidiyasını mənimsəməsi iddiaları səbəb olub.
Sentyabrda Praqa prokurorları ittihamları ləğv etmək qərarını verib. “Financial Times” qəzeti xəbər verir ki, Baş nazir Pavel Zeman dünən – dekabrın 4-də Praqa prokurorlarına işi yenidən açmaq göstərişi verib. Baş prokuror cənab Babisə qarşı işin bağlanması qərarını “qanunsuz və erkən” adlandırıb.
Babis 2011-ci ildə siyasətə girişməzdən qabaq Agrofert konqlomeratını qurub. AB-nin 2 milyon avroluq subsidiyasını Stork’s Nest konfrans mərkəzi əldə edib. Bu mərkəz əvvəl Agrofertə məxsus olub, sonra Babis-in ailə üzvlərinə transfer olunub, daha sonra yenidən Agrofert-ə qaytarılıb. Subsidiyanın mərkəzə verilməli olmadığı bildirilir, çünki onu yalnız kiçik və orta biznes ala bilərdi.
Baş nazir yanlışa yol vermədiyini deyir, bu işi siyasi opponentlərinin onu gözdən salmaq cəhdi adlandırır.
Noyabrın 16-da 300 minə yaxın çexiyalı Andrej Babis və Prezident Milos Zeman-a qarşı yürüş edib. Etirazçıları qəzəbləndirən Prezident Zemanın, gərəkərsə, prezident səlahiyyətindən yararlanaraq Babis-i əfv edə biləcəyi sözləri olub.