Son onillik ən isti dönəm kimi tarixə düşə bilər. Bu xəbərdarlıqla dünən – dekabrın 3-də meteoroloqlar çıxış edib. İspaniyada iqlim sammitində açıqlanan hesabatda dənizdə buz qatının azalması, isti dalğaları, dənizlərin zəbti məsələləri yer alıb.
“ ‘Əsrdə bir’ hadisə sayılan isti dalğaları və daşqınlar getdikcə mütəmadi xarakter alır”, – Dünya Meteorologiya Təşkilatının Baş katibi Petteri Taalas bəyanatında deyib.
“Baham adalarından tutmuş Yaponiyaya, Mozambikə qədər bir çox ölkələr tropik siklonların dağıdıcı təsirinə məruz qalıb. Arktik zonadan Avstraliyayadək ərazini meşə yanğınları əhatələyib”, – o vurğulayıb.
Hesabatda deyilir ki, 2015-2019 və 2010-2019-cu illərin orta temperaturu rekord həddə çatır.
2019-cu il tarixə ikinci, ya üçüncü ən isti il kimi düşür.
Dəniz suyu sənaye erasının başlanğıcında olduğundan 26 faiz daha turşdur.
İqlim dəyişikliyinin qlobal aclıq səviyyəsinin son artımında da əsas rol oynadığı vurğulanır. 2018-ci ildə 820 milyon çox adam aclıqdan əziyyət çəkib.
Bu il milyonlarla adam hava fəlakəti nəticəsində evindən didərgin düşüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə iqlim dəyişikliyinin insan səhhətinə təsirinə dair hesabat yayıb. Hesabatda deyilir ki, bu təsir həmişəkindən daha güclüdür, di gəl, bir çox ölkələr bunu önləməkdən ötrü planlarını tam yerinə yetirmirlər.
Hesabatın əhatələdiyi 101 ölkənin yarısının milli sağlamlıq və iqlim dəyişikliyi strategiyası yaxud planı hazırladığı vurğulanır. Ancaq onların yalnız 38 faizinin bu strategiyanı gerçəkləşdirməyə maliyyə vəsaiti var.