Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:09

İmpiçmentə bir addım da yaxınlaşdılar


Donald Trump (sağda) NATO-nun Baş katibi Jens Stoltenberg ilə görüşdə, London, 3 dekabr, 2019-cu il
Donald Trump (sağda) NATO-nun Baş katibi Jens Stoltenberg ilə görüşdə, London, 3 dekabr, 2019-cu il

Demokratların nəzarətində olan ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi 300 səhifəlik hesabatı təsdiqləyib. Hesabatın gəldiyi qənaətə görə, Prezident Donald Trump xarici hökumətə siyasi opponenti ilə bağlı araşdırma aparmaq üçün təzyiq göstərməklə vəzifəsindən sui-istifadə edib.

Bağlı qapılar arxasında keçirilən səsvermə impiçment prosedurunun faktaraşdırıcı mərhələsinə yekun vurur. Sənəd baxılmağa Palatanın Ədliyyə Komitəsinə göndərilir.

Ədliyyə komitəsi dekabrın 4-dən başlayaraq hesabatda əks olunan dəlilləri araşdırmalı, impiçment maddələri, yaxud prezidentə qarşı rəsmi ittiham hazırlamağı nəzərdən keçirməlidir.

“Dəlil ortadadır”

“Prezident Trump-ın siyasi rəqibi, keçmiş vitse-prezident Joe Biden barəsində araşdırmanın... elan olunması üçün Ukraynaya təzyiq göstərərkən vəzifəsindən istifadə etdiyinə dair dəlil ortadadır. Bu araşdırmaların məqsədi onun 2020-ci ildə yenidən prezident seçilmək üçün kampaniyasına fayda vermək idi”, – komitənin bəyanatında deyilir.

Palata Trump-ın ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə iyulda baş tutmuş telefon söhbətini araşdırır. Həmin söhbət zamanı Trump həmkarından xahiş edib ki, gələn ilin prezident seçkisində demokratlardan potensial rəqibi Joe Biden və oğlu Hunter barəsində araşdırma aparılsın. Hunter Ukraynada enerji şirkəti üçün işləyib. Telefon söhbətindən qabaq Trump Ukrayna üçün nəzərdə tutulmuş 391 milyon dollarlıq hərbi yardımın ayrılmasını dayandırıb.

Trump araşdırmanı “əcinnə ovu” adlandırır.

Dünən açıqlanmış hesabatda konkret impiçment maddələri nəzərdə tutulmayıb.

Ağ evin sözçüsü Stephanie Grisham hesabatı rədd edib, “demokratlar Prezident Trump-ın hansısa səhvə yol verdiyinə dair dəlil ortaya qoya bilmədilər”, – deyib.

Trump özü, yaxud vəkili vasitəsilə impiçment prosedurunun ikinci mərhələsində iştirakdan imtina edib.

Nümayəndələr Palatası sonucda impiçment ittihamlarını təsdiqləyərsə, respublikaçıların nəzarətində olan senatda məhkəmə qurulacaq. Prezidentin vəzifədən kənarlaşdırılması üçün üçdə iki səs çoxluğu lazımdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG