Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 17:26

Tbilisidə polis parlamentə gedən yolları bağlayır


Tbilisidə etirazçılar, 26 noyabr, 2019-cu il
Tbilisidə etirazçılar, 26 noyabr, 2019-cu il

Noyabrın 28-də səhər Gürcüstan polisi parlament binasına aparan yollarda baryerlər qurub. Müxalifət bu günə yenidən etiraz aksiyaları tələb edib. Onlar ölkədə seçki sisteminin dəyişdirilməsini tələb edirlər .

Polis hökumətin mühafizəsini də gücləndirib. Bu haqda “Currenttime.tv” xəbər verir.

Baş nazir Georgi Gakharia hökumətin iclasında Gürcüstan vətəndaşlarını “ölkədə sabitsizlik yaranmasına”, “dövlətin işinin əngəllənməsinə” imkan verməməyə çağırıb, müxalifət liderlərinin buna can atdığını iddia edib. O, dövlət qulluqçularını adi rejimdə işi davam etdirməyə səsləyib.

Tbilisidə müxalifət noyabrın 14-dən etiraz aksiyaları keçirir. Həmin gün hakim Gürcü Arzusu partiyasının üstünlük təşkil etdiyi parlament 2020-ci ildən proporsional sistemə keçidlə bağlı qanunu rədd elədi. Bu ilin yayında hakim partiyanın lideri Bidzina Ivanishvili etirazçılara həmin qanunun qəbul olunacağı vədini vermişdi.

Müxalifətin arqumenti

Noyabrın 18 və 25-də parlament binası qarşısında minlərlə etirazçı nümayişə çıxıb, deputatların işinə maneçilik yaradıb. Xüsusi təyinatlılar hər iki mitinqi su şırnaqları ilə dağıdıb. Sonuncu aksiyada 28 nəfər saxlanıb, 3 nəfər xəsarət alıb.

Hazırda Gürcüstan parlamentinin tərkibi qarışıq sistem əsasında seçilir. 150 deputatdan 77-si proporsional siyahı üzrə, 73-ü majoritar qaydayla deputat yerinə sahiblənir.

Gürcüstanda növbəti parlament seçkisi 2020-ci ilin oktyabrına təyin olunub. Seçkilər qarışıq sistem üzrə, 3 faizlik baryerlə keçirilməlidir.

2024-cü ildən isə proporsional sistemin 5 faizlik baryerlə tətbiqi gözlənilir. Həmin ildən partiyaların seçkiyə getməkdən ötrü bloklar yaratması, yaxud vahid cəbhədə birləşməsi qadağan olunacaq.

Mövcud sistemə görə, parlamentin yarısını seçki baryerini aşan partiyalar, yarısını isə konkret deputatlar tutur. Müxalifət siyasətçiləri və ekspertlərin fikrincə, qarışıq sistem “Gürcü Arzusu”na majoritar dairələrdə administrativ resursdan istifadə edərək qələbə şansını artırmaq imkanı verir.

Bu səbəbdən müxalifət artıq neçə ildir tələb edir ki, qarışıq sistemdən aşağı baryerli proporsional sistemə keçilsin və kiçik müxalifət partiyalarının parlamentə düşmək şansı artsın.

XS
SM
MD
LG