Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Tbilisidə etirazçılar dağıdılıb, saxlananlar var


Polis etirazçıları dağıdır, 26 noyabr, 2019-cu il
Polis etirazçıları dağıdır, 26 noyabr, 2019-cu il

Daxili İşlər Nazirliyinin noyabrın 26-da səhər yaydığı bəyanata görə, 28 etirazçı “polisə itaətsizlik və xuliqanlığa” görə saxlanıb.

Səhiyyə Nazirliyi dörd nəfərin xəsarət aldığını, onlardan üçünün xəstəxanaya yerləşdirildiyini bildirir. Yerli media xəbər verir ki, Mtavari Alkhi televiziyasından jurnalist Vasil Dabrundashvili də xəsarət alanlar arasındadır. Ancaq onun xəstəxanaya yerləşdirilib-yerləşdirilmədiyi bəlli deyil.

Hakim Gürcü Arzusu partiyası “yalnız polis qüvvəsindən istifadə edərək parlamentin iclasını keçirə bilər”. Bunu isə müxalifətin “Yeni Gürcüstan” partiyasının lideri Giorgi Vashadze noyabrın 26-da televiziyaya müsahibəsində deyib.

“Polis kordonu bizə imkan versə, parlamentə girəcəyik”, – Vashadze vurğulayıb.

***

Tbilisidə polis parlamentin qarşısına yığışmış etirazçıları su şırnaqları ilə dağıdıb, bir neçə fəal saxlanıb.

Tbilisidə etirazçılar
Tbilisidə etirazçılar

Yerli media müxalifətdə olan Vahid Milli Hərəkatın iki üzvünün – Ako MinashviliGia Tevdoradze-nin saxlandığını xəbər verir.

Polis hazırda parlamentə girişə nəzarət edir. Ancaq nümayişçilərin qurduğu çadırlar da yerində qalır. Bir dəstə etirazçı isə dəstək gözləyir, deputatların binaya daxil olmasını önləyəcəyini deyir.

***

Noyabrın 26-da səhərin erkən saatlarında Gürcüstan polisi Tbilisidə parlamentin qarşısına toplaşmış etirazçılara dağılışmaq üçün 30 dəqiqə vaxt verib.

Bunun ardınca etirazçılara qarşı suatan maşınlardan istifadə olunub.

Müxalifət liderlərindən Giorgi Vashadze bir neçə fəalın saxlandığını bildirib.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Gürcüstanda hökumət seçki məcəlləsinə dəyişiklik etməkdən imtina etdikdən dərhal sonra, minlərlə etirazçı paytaxt Tbilisinin mərkəzinə yığışıb.

Noyabrın 25-də müxalifət tərəfdarları Tbilisidəki Respublika meydanından parlamentin binası qaşısına yürüş ediblər.

Nəticədə Tbilisinin əsas küçəsi olan Rustaveli prospektində maşınların hərəkəti dayanmalı olub.

Etirazçılar hökumətin istefasını və erkən seçkinin keçirilməsini tələb edirlər.

Onlar parlamentə girişi bloklayıblar və bildirirlər ki, noyabrın 26-da sessiyanın keçirilməsinə imkan verməyəcəklər.

***

Gürcüstanın hakim Gürcü Arzusu partiyası 2020-ci ildən qarışıq seçki sistemindən proporsional sistemə keçməkdən imtina edib. Bir həftə öncə bu tələblə küçələrə çıxan etirazçılar zorakılıqla dağıdılmışdı.

Partiyanın Baş katibi, Tbilisinin meri Kakha Kaladze partiyanın 25 noyabr iclasından sonra deyib ki, “məsələ bağlanıb və seçki sisteminə dəyişiklik edilməyəcək”.

Noyabrın 14-də parlament proporsional sistemə keçidlə bağlı konstitusiyaya dəyişikliyi rədd eləmişdi. Bundan sonra minlərlə etirazçı parlamentin qarşısına yığışdı. Noyabrın 18-də təhlükəsizlik qüvvələri onları sı şırnağıyla dağıtdı, 37 etirazçı saxlandı.

Bu dəyişikliyi iyun-iyul aylarında nümayişlərə çıxanlar da tələb edirdi.

Hazırkı parlamentin yarısı proporsional sistem üzrə seçilir. Müxalifət partiyalarının fikrincə, Gürcüstanın seçki sistemi hakim Gürcü Arzusu partiyasının xeyrinədir.

Kaladzenin bəyanatından sonra müxalifət liderləri deyiblər ki, günortadan sonra parlamentin yaxınlığında etiraz aksiyası keçirəcəklər.

Birləşmiş Ştatlar və Avropa Birliyi Gürcüstan hökumətini, siyasi partiyaları və vətəndaş cəmiyyətini “dinc və sayqılı dialoq” aparmağa çağırıb.

Gürcüstandakı AB nümayəndəliyi, ABŞ səfirliyi noyabrın 17-də birgə bəyanat verərək Gürcüstan cəmiyyətinin parlamentin bu dəyişikliyi qəbul etməməsindən dərin məyusluğunu anladığını bildirib.

Parlamentin konstitusiyaya dəyişikliyi təsdiqləməməsi Avropa Şurası Parlament Assambleyasının da tənqidinə səbəb olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG