Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:13

Sahibkarlardan vergini qabaqcadan tuturlar


Özbəkistanda məhsul festivalı
Özbəkistanda məhsul festivalı

Özbəkistanda sahibkarlardan vergiləri öncədən ödəməyi xahiş edirlər. Buraya gəlir vergisi də daxildir. Xəbəri Radio Ozodi yayıb. Biznesmenlərin sözlərinə görə, vergiləri qabaqcadan ödəməkdən imtina edəndə vergiyığanlar müxtəlif bəhanələrlə onların bank hesablarından pul tuturlar.

“Vergiyığanlar bizim vergiləri öncədən ödəməyimizi istəyirlər, bunu dövlət büdcəsində yaranmış kəsirlə izah edirlər”, – Daşkənddən iki şirkətin təmsilçiləri deyib.

“Qarətin təzə növüdür?”

“Sahibkarların heç biri hələ başlamamış dekabr ayına görə gəlir vergisini öncədən ödəmək istəmir. Hər bir sahibkar əldə etdiyi gəliri biznesini genişləndirməyə yatırmaq istəyir. Ancaq vergiyığanlar deyirlər ki, büdcə planını doldura bilmirlər və bank hesablarımızdan müxtəlif bəhanələrlə pul tuturlar”, – firmalardan birinin mühasibi deyib.

Əndicandan bir sahibkar radionun müxbirlərinə deyib ki, vergi əməkdaşları onun razılığı olmadan bank hesabından pul tutub.

“Dövlət vergi müfəttişliyinin Əndican idarəsi əsassız olaraq sahibkarların hesablarından gələn ay üçün vergi pulu tutur. Bu nə deməkdir, qarətin təzə növüdür? Öz pullarını müstəqil idarə edə bilməmək adamı çox ağrıdır. Soruşursan ki, hesabımdan niyə pul tutmusuz, cavab verirlər ki, gələn ayın vergisidir. Onlar sahibkarların hesabına ili kəsirsiz başa vurmaq istəyirlər”, – Əndicanda bir tikinti firmasının təmsilçisi deyib.

Özbəkistan Dövlət Vergi Komitəsində isə bildiriblər ki, gəlir vergisinin qabaqcadan ödənməsi könüllü şəkildə həyata keçirilir. “Hüquqi şəxslərin, yaxud sahibkarların hesablarından pul yalnız vergi borcları olduğu halda tutula bilər. Gəlir vergisinin öncədən tutulması isə yalnız könüllü əsasla aparılır, vergiyığanların onların bank hesabından bu vergini tutmaq hüququ yoxdur”, – qurum bildirib.

Vergi müfəttişi də təsdiqləyir

Büdcə daxilolmaları üzrə planı yerinə yetirə bilməyən rayonlarda gəlir vergisinin qabaqcadan tutulması kampaniyası başladılıb, imtina edən sahibkarlara isə təzyiq göstərilir. Bunu rayon idarələrindən birinin müfəttişi anonimlik şərtilə deyib:

“Bizə planı doldurmaq göstərişi verilib. İl başa çatır, qoyulmuş planı yerinə yetirə bilməsək kəlləmiz gedər. Əvvəllər prezident dövlət büdcəsinə daxilolmaları vaxtında yerinə yetirə bilməyən məmurları cəzalandırıb, bunu bilirsiz. Buna görə də indi hüquqi şəxslərə üz tutaraq vergiləri qabaqcadan ödəmək üçün yalvarırıq”.

Bu ilin aprelində Özbəkistan Prezidenti Shavkat Mirziyoev Daşkəndin və Şayxantaxur rayonunun vergi müfəttişliyi rəhbərlərini tənqid eləmişdi. Bir gün sonra Daşkənd şəhərinin Şayxantaxur rayon dövlət vergi müfəttişliyinin 133 əməkdaşı işdən çıxarıldı. Bəzi rayonların vergi müfəttişliklərinə qarşı isə cinayət işi açıldı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG