Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Dekabr, şənbə, Bakı vaxtı 14:03

Əlövsət Əliyevin vəkili apellyasiya şikayəti hazırlayır


Ə.Əliyev

Noyabrın 13-də Almaniyada saxlanan «Leqat» İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevlə bağlı bir sıra müdafiə tədbirləri hazırlanır.

Bu barədə Ə.Əliyevin qardaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı danışıb.

O deyib ki, vəkili Erix Althammer Ə.Əliyevlə görüşüb: «Vəkilin sözlərinə görə, siyasi mühacir qalmaqalının Əlövsət Əliyevə hər hansı şəkildə aidiyyəti yoxdur. Üstəlik, Əlövsət Əliyevlə bağlı polis orqanlarına təqdim edilən məlumatlar da düzgün tərcümə olunmayıb. İndi vəkil məlumatları tərcümə etdikdən sonra apellyasiya şikayəti verməyə hazırlaşır. Hələlik, Əlövsət Əliyevlə bağlı hər hansı ittiham irəli sürülməyib, saxlanılır və araşdırma gedir».

S.Rüstəmxanlının sözlərinə görə, Ə.Əliyevi də siyasi mühacir qalmaqalında adı çəkilən şəxslərdən biri şikayət edib: «Məqsəd də bu olub ki, «siyasi mühacir» qalmaqalına dəstək versin. Əlövsət bundan imtina etdikdən sonra şikayət olunub və Berlinə gedərkən həmin şikayət əsasında saxlanıb».

Ötən həftə Almaniya polisinin ölkədəki qanunsuz miqrasiya halları ilə bağlı reydlər həyata keçirdiyi bildirilmişdi. «Spiegel» jurnalının Almaniya federal polisinə istinadla yaydığı məlumata görə, 180 polisin cəlb olunduğu belə bir reyd Şimali Reyn-Vestfaliya və Hessendə qanunsuz yolla Azərbaycandan adam gətirən dəstəyə qarşı da keçirilib. Polis Köln, Düsseldorf, Frankfurt və Visbadendəki 13 obyektdə axtarış aparıldığını, Koblenzdə iki nəfər haqqında həbs qərarı verildiyini açıqlayıb. Almaniyanın swr.de saytı isə polisə istinadla 8 nəfərin şübhəli şəxs qismində istintaqa cəlb olunduğunu yazıb. Xəbərdə qeyd olunub ki, həmin şəxslər 3 min-10 min avro əvəzində ən azı 20 nəfəri qaçaq yolla Azərbaycandan Almaniyaya aparıblar.

Xatırlatma

«Miqrasiya Mərkəzi» İctimai Birliyinin rəhbəri olmuş Əlövsət Əliyev Azərbaycanda bəzi vətəndaş cəmiyyəti qurumları təmsilçilərinin istintaqa cəlb edildikləri vaxtda - 2014-cü ildə mühacirətə gedib. Mühacirət etdikdən sonra ona qarşı cinayət işi açıblar. O, Daxili İşlər Nazirliyinin generalı Emin Şəkinskinin keçmiş həyat yoldaşının qanunsuz olaraq ölkədən çıxarılmasına yardım etməkdə günahlandırılıb.

Ə.Əliyevin özü əvvəllər cinayət işinin qurama olduğunu, polis generalının onunla haqq-hesab çəkmək istədiyini açıqlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG