Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:20

ABŞ Honq Konqu belə dəstəkləyir


Honq Konqda etirazlar
Honq Konqda etirazlar

Birləşmiş Ştatların Nümayəndələr Palatası Honq Konqda etirazçıları dəstəkləyən qanunvericilik qəbul edib və iki layihəni Ağ evə göndərib. “Reuters” agentliyi yazır ki, Prezident Donald Trump-ın bu sənədləri imzalayacağı gözlənir. Agentlik bu sənədlərlə Çinə insan haqlarına görə xəbərdarlıq olunduğunu vurğulayır.

Beş aydan çoxdur Honq Konqda daha artıq demokratiya və muxtariyyət tələbilə kütləvi etirazlar keçirilir. Getdikcə zorakılıq artdığından Çinin vətəndaş itaətsizliyinə qəddarlıqla cavab verə biləcəyi sarıdan narahatlıq var.

Noyabrın 19-da Senat “Honq Konq İnsan Haqları və Demokratiya Aktı”nı yekdilliklə qəbul edib. Bu sənəd ABŞ-ın keçmiş Britaniya koloniyasına xüsusi münasibətinə daha sərt nəzarəti nəzərdə tutur.

Senatın qəbul elədiyi ikinci layihə isə Honq Konq hakimiyyətinə kütləyə nəzarət üçün müəyyən hərbi vasitələrin ixracını qadağan edir.

Qanunlar imzalanarsa...

Prezident sənədləri imzalayarsa, Dövlət Departamenti ildə azı bir dəfə Honq Konqun muxtariyyətini saxladığını və dünyada maliyyə mərkəzinə çevrilməsinə imkan verən xüsusi ABŞ ticarət kriteriyasına uyğun gəldiyini təsdiqləməlidir.

Birinci akt Honq Konqda insan haqları pozuntularına görə məsuliyyət daşıyan rəsmilərə sanksiya tətbiq olunmasına imkan verir.

“Reuters” yazır ki, çoxları bu aktı simvolik hesab eləsə də, Birləşmiş Ştatlarla Honq Konqun münasibətlərinin təbiətini dəyişə bilər.

Pekin 1997-ci ildə Honq Konq üzərində suverenliyi yenidən əldə edəndə şəhərə 50 illik “ən yüksək səviyyədə muxtariyyət” vəd edib. Ancaq etirazçılar muxtar ərazidə azadlıqların pozulduğunu deyirlər.

ABŞ-ın Honq Konq siyasəti 1992-ci ildə qəbul olunmuş Birləşmiş Ştatlar- Honq Konq Siyasət Aktı ilə tənzimlənir. Bu sənəd ərazi üçün ticarət, nəqliyyat və digər sahələrlə bağlı Çindən ayrı xüsusi status nəzərdə tutur.

Həmin qanuna görə, prezident ərazinin Pekindən “yetərli səviyyədə müstəqil olmadığını” müəyyənləşdirərsə, Honq Konqun xüsusi statusunun elementlərini ləğv edə bilər.

İnsan Haqları və Demokratiya Aktında həmin qanuna düzəlişlər, Honq Konqun muxtar statusunun daha sıx təftişi nəzərdə tutulur.

Digər sənəd isə Honq Konqa gözyaşardıcı qaz, bibər qazı, rezin güllələr və şokedici silahların ixracını qadağan edir.

Xüsusi tariflər Honq Konqa aid deyil

Bu iki sənədin Konqresdən keçməsi Pekini qəzəbləndirib, bunu beynəlxalq hüquqa kobud müdaxilə, onun pozulması adlandırıb.

“Reuters” yazır ki, bu qanunlar qüvvəyə minərsə Vaşinqtonla Pekin arasında gərginlik dərinləşə bilər və bu da ticarət müharibəsini bitirməyi hədəfləyən danışıqlara kölgə salar.

Biznes kontekstində Honq Konqun xüsusi statusunun ən vacib elementlərindən biri onun Çindən ayrı gömrük və ticarət zonası hesab olunmasıdır.

Bu o deməkdir ki, ticarət müharibəsinin xüsusi tarifləri Honq Konqa ixrac olunan məhsullara aid deyil.

Əgər Honq Konq Çinin bir limanına çevrilsə, bu ərazidən vasitəçi, yaxud yükboşaltma üçün istifadə edən şirkətlər bizneslərini başqa yerə köçürə bilərlər.

2018-ci ildə Honq-Konqla Birləşmiş Ştatlar arasında ticarət dövriyyəsi 67.3 milyard dollar təşkil edib. Birləşmiş Ştatlar 33.8 milyard dollarlıq müsbət saldoya malikdir ki, bu da ABŞ-ın xarici ölkələrlə ticarətində ən yüksək göstəricidir.

XS
SM
MD
LG