“Financial Times” qəzeti Qara Dəniz və Ərəb Körfəzinin kritik yolayrıcılarında yerləşən ölkələrlə Birləşmiş Ştatlar arasında əlaqələri gücləndirməyin vacibliyindən yazır. Müəllif James Bacchus Gürcüstanın belə ölkələrdən biri olduğunu vurğulayır, “Amerikanın regionda müsbət və qalıcı iştirakını möhkəmləndirməyin bir yolu ABŞ-Gürcüstan azad ticarət sazişidir” yazır.
“Bu, təkcə Gürcüstanla əlaqələrimizi möhkəmləndirməz. Regiondakı digər ölkələri əmin edər ki, son hadisələrə baxmayaraq Birləşmiş Ştatlar onları əhatələyən və hədələyən avtoritar rejimlərə güzəştə getməsinə alternativ kimi qalır”, – yazan müəllif Gürcüstanın strateji olaraq şərqlə qərb arasında görünməz və təhlükəli sərhəddə yerləşdiyini vurğulayır. Qərbində Avropa Birliyi, şimalda Rusiya, cənubda Türkiyə və İran, şərqə doğru Çin yerləşir.
1991-ci ildə Sovet İttifaqından ayrılan gürcüstanlılar daha çox AB və ABŞ-a doğru baxıblar. Ancaq bu elə də asan başa gəlməyib. 2008-ci ildə Rusiyanın hərbi işğalı nəticəsində Gürcüstan ərazisinin 20 faizə qədərini itirib.
Niyə məhz Gürcüstan?
Müəllif kommersiya baxımından Gürcüstanın yaratdığı imkanlardan Amerika şirkətləri və işçilərinin qazanacağını vurğulayır. Belə ki, Gürcüstan Ümumdünya Ticarət Təşkilatının üzvüdür, bu qurumun qaydalarına uyğun olaraq iqtisadiyyatını daha geniş dünyanın üzünə açaraq inteqrasiya edib. Gürcüstan Heritic Fondunun hazırladığı illik İqtisadi Azadlıq İndeksində 124-cü pillədən 16-ya qalxıb. Bunu digər ölkələr içində ən böyük sıçrayış adlandıran müəllif Gürcüstanın daha reytinqlərdə “iqtisadi baxımdan sıxılmış” ölkə deyil, “azad ölkə” sayıldığını yazır.
“Son illər Gürcüstanın iqtisadi artımı güclü olub. 2017 və 2018-ci illərdə Gürcüstanda ÜDM regionda ən sürətli şəkildə artıb – ilə 4,8 faiz. BVF 2019-2020-ci illərdə Gürcüstan üçün illik 4,9 faizədək artım proqnozlaşdırır ki, bu da qlobal artım proqnozundan iki dəfədən artıq çoxdur. Ölkədə yoxsulluq həddi on il qabaq 39 faiz idisə, bu gün 22 faizə düşüb”, – məqalədə deyilir.
Müəllifin fikrincə, Gürcüstan ixracını genişləndirmək istəyən ABŞ şirkətlərindən ötrü yarım milyard nəfərlik regional bazara giriş nöqtəsi ola bilər. Digər tərəfdən, elə gürcüstanlılar da ABŞ ilə ikitərəfli ticarəti genişləndirməyə, azad ticarət sazişi əldə etməklə daha çox Amerika investisiyası cəlb etməyə çalışırlar.
“Gürcüstan Trump administrasiyasının ikitərəfli ticarət sazişi üçün müəyyənləşdirdiyi ilkin şərtlərin hamısına uyğun gəlir. 2018-ci ildə, öncəki konqres dönəmində Nümayəndələr Palatası Gürcüstanı dəstəkləyən qanunvericilik qəbul edib və ABŞ Ticarət Nümayəndəsini Gürcüstanla azad ticarət danışıqları başlatmaq yönündə real addımlar atmağa çağırıb. Bu qanunvericiliyi indiki konqresin Nümayəndələr Palatası və Senatı qəbul etməli, prezident onu imzalamalıdır”, – müəllif yazır.