Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:42

Boliviya prezidenti meydanda niyə tək qaldı - Qərb mediası


Polis əməkdaşları prezidentı qarşı etiraz yürüşündə
Polis əməkdaşları prezidentı qarşı etiraz yürüşündə

Boliviya Prezidenti Evo Morales istefaya getdiyini açıqlayıb. Bundan öncə ordu başçısı onu istefaya çağırmışdı.

Morales ötən ay yenidən prezident seçildiyini elan edəndən sonra ölkədə üç həftəydi etirazlar keçirilirdi.

Boliviyanın yerli əhalini təmsil edən ilk prezidenti Morales 2006-cı ildə bu posta seçilmişdi. O, hansısa nöqsana yol vermədiyini bildirir.

Boliviya ordusunun başçısı, General Williams Kaliman onu “sülh və sabitliyi saxlamaq, Boliviyanın xeyiri naminə” istefa verməyə çağırmışdı.

20 oktyabr seçkisini monitorinq etmiş Amerika Ölkələri Təşkilatı seçkini nəticələrini ləğv etməyə çağırıb, Boliviya səsvermə sisteminin “aydın manipulyasiyaları”nı aşkarladığını bildirib.

Seçkidə ikinci yeri tutmuş Carlos Mesa Morales və onun vitse-prezidentini yeni seçkiyə qatılmamağa çağırıb. Mesa deyib ki, onlar seçki prosesinə rəhbərlik etməməlidirlər.

Vaxtilə prezident xeyli populyar idi...

“The New York Times” qəzeti yazır ki, solçu Morales Latın Amerikasında vəzifədə olan ölkə başçılarının istənilən birindən daha çox prezidentlik edib.

Morales və vitse-prezidenti Álvaro García Linera istefa verərkən dövlət çevrilişi qurbanı olduqlarını deyiblər.

Boliviyaya iqtisadi artım dövründə rəhbərlik edən Morales vaxtilə xeyli populyar idi, boliviyalılar onu dəstəkləyirdi. Əsrlər boyu Avropa mənşəli kiçik elita tərəfindən idarə olunan ölkənin sakinləri ona öz adamları kimi baxırdılar. Həm də ölkədə bərabərsizlik azalırdı.

“Bacılar və qardaşlar, sizə demək istəyirəm ki, savaş bitməyib. Yoxsullar, sosial hərəkatlar bərabərlik və sülh uğrunda mübarizəni davam etdirəcəklər”, – Morales bazar günü çıxışında deyib.

Hakimiyyətdən getmək istəməməsi – dördüncü dəfə seçilməkdən ötrü ölkə qanunlarını dəyişməsi, daha sonra seçkidə qalib gəldiyini iddia etməsi onu meydanda tək qoydu, qəzet yazır. Müttəfiqləri prezidenti tərk elədi, polisə və silahlı qüvvələrə bel bağlaya bilmədi. Polis də etirazçıların tərəfinə keçərək prezidentin istefasını tələb elədi.

Erirazçılar Morales-in hakimiyyəti dövründə ölkənin istiqamətindən qorxularını dilə gətirirdilər.

“Burası Kuba deyil, Venesuela deyil! Burası Boliviyadır və Boliviyaya hörmətlə yanaşılacaq!”, – həftəsonu Boliviyanın əsas şəhəri La- Pasda etirazçılar qışqırırdılar.

Meksikanın Xarici işlər naziri Marcelo Ebrard bazar günü Twitter-də yazıb ki, Morales sığınacaq istəyərsə, onu qəbul edə bilərlər.

Morales isə bazar günü gecə Twitter bəyanatında bildirib ki, polis onu “qanunsuz olaraq” həbs etmək istəyir və “zorakı qruplar” evinə hücum ediblər.

XS
SM
MD
LG