Alibaba Group Holding Ltd bazar ertəsi bildirib ki, Subaylar Günündə satışı yerli vaxtla 5-in yarısına 30 milyard dolları keçib. Builki tədbirin son 11 ilin rekordunu qıracağı gözlənir.
Bu rəqəm şirkətin ABŞ-dakı rəqibi Amazon.com Inc-in son rübü əhatələyən onlayn mağaza satışına bərabərdir.
***
Subaylar günündə 50 milyard dollardan artıq qazanc
Çinin Alibaba və JD.com elektron ticarət nəhəngləri bazar ertəsi – Subaylar gününün birinci yarısında 50 milyard dollardan artıq qazanc əldə etdiklərini bildirirlər. “The Associated Press” agentliyi bu illik marketinq tədbirinin dünyanın ən gur onlayn alış-veriş günü olduğunu yazır.
Subaylar Gününü 1990-cı illərdə universitet tələbələri Valentin Gününə alternativ olaraq bir zarafat bayramı kimi yaradıblar. Bu gün noyabrın 11-də qeyd olunur, çünki dörd “1” rəqəmi yanaşı yazılır – “11.11”
On il qabaq dünyanın ən böyük elektron ticarət brendi olan Alibaba bu günü bir satış aləti kimi qəbul edib. Rəqibləri JD.com və Suning də ona qoşularaq smartfonlardan tutmuş səyahət paketlərinədək müxtəlif mal və xidmət üzrə endirimlər təklif edib.
Elektron ticarət sürətlə artır
Çində elektron ticarət sürətlə artıb, çünki pərakəndə satış şəbəkələri azdır, digər tərəfdən hökumət internetdən istifadəni təbliğ etməyə çalışır. Alibaba, JD.com, Baidu və digər internet nəhəngləri bu sahədə xidməti genişləndiriblər.
Bazar ertəsi onlayn ticarətçiləri pivədən tutmuş televizorlar, tibbi xidmət paketlərinədək müxtəlif endirimlər təklif ediblər.
Alibaba bildirib ki, gecəyarısından günortayadək platformalarında satış 27 milyard dollara çatıb. JD.com isə səhər saat 9-dək satışın 23,8 milyard dollara çatdığını bildirib.
Suning elektron mallar ticarətçisi gecəyarısından bir dəqiqə keçəndən sonra 160 milyon dollarlıq mal satdığını bildirib.
Dangdang onlayn kitab ticarətçisi isə ilk saatda 6,8 milyon kitab satdığını açıqlayıb.
Alibaba tədbiri bazar günü gecə Taylor Swift-in Şanxay stadionunda konserti ilə açıb.
Agentlik Çində onlayn xərcləmələrin pərakəndə satışdan daha sürətlə artdığını, ancaq iqtisadi artım yavaşıdıqca zəiflədiyini yazır. Pekinin Vaşinqtonla tarif müharibəsindən çaxnaşmaya düşən istehlakçılar isə böyük alış planlarını təxirə salırlar.
2019-cu ilin 9 ayı ərzində onlayn satış ötən illə müqayisədə 16,8% artaraq 825 milyard dollara çatıb. Bu, ümumi istehlakçı xərcləmələrinin 19,5 faizi deməkdir. Bu, son illərin ortalama 30 faizindən azdır.