Keçid linkləri

2025, 13 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 18:53

Pompeo dünyanı İranın ‘nüvə provokasiyaları’na cavab verməyə çağırır


Mike Pompeo Almaniyada ABŞ əsgərləri qarşısında, 7 noyabr, 2019-cu il
Mike Pompeo Almaniyada ABŞ əsgərləri qarşısında, 7 noyabr, 2019-cu il

İranın hərəkətləri bütün ölkələri onun “nüvə şantajı”nı rədd etməyə, “təzyiqi artırmaq üçün ciddi addımlar atmağa” səsləyir. Bunu ABŞ-ın Dövlət katibi Mike Pompeo deyir.

Pompeo noyabrın 7-də danışıb. Bir gün öncə isə Tehran 2015-ci il nüvə sazişinin daha bir öhdəliyini kənara qoyaraq Fordo nüvə obyektində uran zənginləşdirməyə başlayıb.

Zənginləşdirilmiş urandan reaktor yanacağı hazırlanmasında istifadə oluna, ancaq potensial olaraq nüvə silahı da hazırlana bilər.

İran artıq Vaşinqtonun sanksiyalarına dördüncü cavab addımı atıb. Birləşmiş Ştatlar 2018-ci ilin mayında İranla nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları elan edib.

“Birləşmiş Ştatlar buna heç vaxt yol verməyəcək”

“İranın son nüvə eskalasiyası rejimin niyyətlərini əks etdirir: beynəlxalq ictimaiyyəti şantaj edərək qonşularının suverenliyinə zərbə vuran zorakılığı və terror ona qəbul elətdirmək”, – Pompeo bəyanatında deyib.

Beynəlxalq ictimaiyyət “İranın nüvə silahıyla necə davranacağını təsəvvür etməlidir. Birləşmiş Ştatlar bunun baş verməsinə heç vaxt yol verməyəcək”, – o, sözlərinə əlavə edib.

“Bütün ölkələrin bu rejimin nüvə şantajını rədd edərək təzyiqi artırmaq üçün ciddi addımlar atmasının vaxtı çatıb. İranın davamlı və saysız nüvə provokasiyaları belə bir hərəkəti tələb edir”, – dövlət katibi vurğulayıb.

2015-ci il nüvə sazişi İranın iqtisadi sanksiyaların qaldırılması qarşılığında həssas nüvə fəaliyyətini məhdudlaşdırmasını nəzərdə tuturdu.

İran rəsmiləri şikayətlənirlər ki, sazişdə qalan tərəflər ABŞ sanksiyalarının təsirini azaltmaqdan ötrü yetərincə iş görmürlər.

ABŞ Prezidenti Donald Trump İranı nüvə sazişi üzrə yenidən danışıqlara məcbur etmək istəyir. Onun fikrincə, sazişin şərtləri Tehranın nüvə silahları hazırlamasını, ballistik raket proqramını önləməkdən ötrü yetərincə sərt deyil. İran isə nüvə proqramının sırf dinc məqsədli olduğunu bildirir.

XS
SM
MD
LG