Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:32

Fordonun işə salınması hansı riskləri yaradır


Fordo qurğusunun içərisi

On il qabaq ABŞ-ın ovaxtkı prezidenti Barack Obama Britaniya və Fransa liderləri ilə yanaşı dayanaraq İranın “gizli uran zənginləşdirmə qurğusu” tikdiyini dünyaya açıqladı. “The Associated Press” agentliyinin təhlilçisi Jon Gambrell Fordo qurğusunun işə salınmasının yaratdığı risklərdən söz açır.

İran artıq noyabrın 7-də bildirib ki, bu obyektdə sentrifuqlara uran qazı vurulub və uranın zənginləşdirilməsinə başlanıb. Müəllif bunun İranı nüvə proqramından dolayı daha geniş qarşıdurmaya sürüklədiyini yazır.

ABŞ Prezidenti Donald Trump ötən ilin mayında nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Tehran da bu ildən nüvə öhdəliklərini tədricən azaltmağa başlayıb.

İran nüvə proqramının dinc məqsədli olduğunu deyir, özünün təzyiq kampaniyası ilə Avropanı məcbur etmək istəyir ki, ABŞ-ın sanksiyalarına baxmayaraq İran neftinin xaricdə satışı üçün bir yol təklif eləsin.

Hava zərbələrindən qorunan Fordo

Müəllif yazır ki, Fordoda fəaliyyətin bərpası nüvə silahlarının yayılması üzrə ekspertlərdən ötrü böyük narahatlıq mənbəyidir. Dağın altında tikilmiş, zenit-raket komplekslərinin qoruduğu Fordonun hava zərbələrinə qarşı davamlı olduğu görünür. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bu obyektin tikintisinin azı 2007-ci ildə başlandığını bildirir. Ancaq İran obyekt haqda agentliyə 2009-cu ildə məlumat verib.

Natanz nüvə obyekti böyükdür, sənaye miqyasında uran zənginləşdirməyə imkan verir. Fordo isə daha kiçikdir, yalnız 3 min sentrifuqu var. Təhlilçilər güman edirlər ki, Fordoda aşağı-dərəcəli uran sürətlə zənginləşdirilə bilər. Orada uran ən yüksək səviyyədə 20%-dək zənginləşdirilib.

2015-ci il nüvə sazişi Fordoda zənginləşdirmə prosesinin dayandırılmasını, onu tədqiqat obyektinə çevirməyi nəzərdə tuturdu. BAEA İranın nüvə proqramına nəzarət kameraları və obyektlərə baş çəkməklə monitorinq edir. Tehran təkidlə bildirir ki, uranı 4,5% səviyyəsində zənginləşdirəcək və bu, silah hazırlamaq üçün gərəkən 90%-dən aşağıdır.

Müəllif İranın regional düşməni olan İsrailin Fordonun işə düşməsindən narahat olduğunu qeyd edir və yada salır ki, elan olunmamış nüvə silahları proqramına malik İsrail 1981-ci ildə İraq diktatoru Saddam Hussein-in tikdiyi nüvə reaktorunu, 2007-ci ildə isə Suriyanın gizli nüvə reaktorunu bombalayıb.

Fordonu vurmaq

“Ancaq Fordoya hansısa potensial zərbənin onu vurub-vurmayacağı sual altındadır. Fordo qayalıq və torpağın təxminən 80 metr dərinliyində yerləşir. Bundan ötrü ABŞ-ın 30 min funtluq bunker əleyhinə aviabombası lazımdır. İsrailin belə bir güclü silaha malik olduğu bəlli deyil”, – müəllif yazır və qeyd edir ki, ABŞ və İsrail obyektə başqa yolla da girə bilərlər. Bu iki ölkənin birgə hazırladığı güman edilən Stuxnet kompüter virusu 2000-ci illərin sonların İranın minlərlə sentrifuqunun öz-özünü məhv etməsiylə sonuclandı.

“Hazırda güclənməkdə olan böhranı həll etməsi real görünməyən yeganə yol diplomatiyadır. Avropa İrana ABŞ sanksiyalarından yayınmağın yolunu təklif edə bilməyib, bircə ticarət mexanizmi irəli sürüb, Fransa isə 15 milyard dollarlıq kredit xətti təklifi səsləndirib. Trump administrasiyası Tehrana sanksiyalar kampaniyasını davam etdirir, bu həftə Ali dini lider Ayətulla Ali Khamenei-nin yaxın çevrəsini sanksiya siyahısına salıb. İran yanvarda saziş çərçivəsində öhdəliklərindən daha da uzaqlaşacağını bəyan edib”, – məqalədə deyilir.

“Fordoda nüvə fəaliyyətinin genişləndirilməsi qərarı İranın indiyədək nüvə sazişi çərçivəsində yol verdiyi ən ciddi pozuntudur. Əgər beynəlxalq ictimaiyyətdən sərt təpki görməsə yanvardan daha da uzağa gedəcəyinə şübhə etməyə səbəb azdır”, – Avrasiya Qrupu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG