Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:13

Gürcüstanda ABŞ bazası olsunmu


NATO-Gürcüstan birgə təlimi, 9 avqust, 2019-cu il

“New Eastern Europe” portalında Beka Chedia Gürcüstanda ABŞ hərbi bazasının yerləşdirilməsinin mümkünlüyündən yazır. Oktyabrın sonunda Heritage Fondundan amerikalı təhlilçi Luke Coffey Twitter-də bu haqda şəxsi fikrini yazmaqla Gürcüstan ictimaiyyətini və siyasi elitasını həyəcanlandırıb. O təklif edib ki, ABŞ-ın Suriyadan çıxarılan hərbi kontingenti Gürcüstanın kiçik Axalkalaki şəhərinə yerləşdirilsin və İŞİD təhlükəsi yaranarsa bu bazadan istifadə olunsun.

Axalkalaki Gürcüstanın cənubunda Türkiyə və Ermənistanla sərhəd yaxınlığında yerləşir. Əhalisi 44 min nəfərdir. Ermənistanın Gümrü şəhəri ona yaxındır və həmin şəhərdə Rusiyanın Cənubi Qafqazdakı yeganə hərbi bazası yerləşir.

Müəllif yazır ki, Axalkalakidə belə bir bazanın effektiv işləməsi üçün uyğun infrastruktur yoxdur. Məsələn, hərbi personalın transferindən ötrü quru zolağı yoxdur. Sovet vaxtı burada 7 min-8 min hərbi personalı olan baza, Sovet İttifaqının çöküşündən sonra isə Rusiyanın 62 saylı hərbi bazası yerləşib. Rusiya ordusu 2007-cu ildə Axalkalakidən çıxandan sonra boş binalar ya özəlləşdirilib, ya da yerli əhali tərəfindən tutulub. Şəhərdə Rusiyaya rəğbətlə yanaşan etnik ermənilər də yaşayır.

Gürcüstanda fərqli yanaşmalar

Təhlilçilər Gürcüstanda Amerika hərbi bazasının nəzəri olaraq yerləşdirilməsindən danışanda əsasən paytaxt Tbilisi yaxınlığındakı Vazianini misal çəkirdilər. Hazırda Vaziani bazasında ABŞ və NATO ilə birgə təlim də keçilir. Buranın öz hava zolağı var və infrastrukturu da ABŞ ordusunun mümkün yerləşdirilməsinə uyğundur.

Müəllif qeyd edir ki, belə bir təşəbbüsün qeyri-praktikliyinə baxmayaraq, gürcü cəmiyyəti amerikalı təhlilçinin təklifindən həyəcanlanıb. Ölkənin siyasi elitası iki düşərgəyə bölünüb: qərbpərəst müxalifət ABŞ hərbi bazasını alqışlayardı. Rusiyapərəst siyasi cəbhənin də mövqeyi aydındır.

Gürcüstan hakimiyyəti isə Coffey-nin ideyasına könülsüz yanaşıb. Hakim partiyanın liderləri mediaya deyib ki, təşəbbüs ABŞ hökumətindən gəlmir, bircə təhlilçinin fikridir və onu müzakirə etməyə dəyməz. “Aydındır ki, Gürcüstan hakimiyyəti belə bir spekulyasiya ilə Rusiyanı qıcıqlandırmaq istəmir”, – məqalədə deyilir.

Müəllif yazır ki, Gürcüstanda Amerika bazası ideyasını gürcüstanlılar dəstəkləyirlər. Çoxları inanır ki, NATO-ya qoşulmaq real olmadığı bir dönəmdə Birləşmiş Ştatlar bu ölkəni Rusiyadan qoruya biləcək yeganə müttəfiqdir. “Hətta 1980-ci illərin sonunda milli azadlıq hərəkatının liderləri SSRİ-yə qarşı mübarizə aparanda Gürcüstanda Amerika hərbi bazası yerləşdirməyə çağırırdılar, onda bu ideya fantaziya kimi görünürdü”, – müəllif vurğulayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG