Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

İstanbul konvensiyası Ermənistanı da müşkülə salıb


Bakıda qadın fəalların etiraz aksiyası, 20 oktyabr, 2019-cu il
Bakıda qadın fəalların etiraz aksiyası, 20 oktyabr, 2019-cu il

Venesiya Komissiyası qadınlara qarşı zorakılıq üzrə Avropa sazişiylə bağlı Ermənistanda dolaşan yanlış təsəvvürlərə son qoyub. “Human Rights Watch” insan haqları təşkilatının bildirməsinə görə, məişət zorakılığı Ermənistanda da davamlı problemdir, 2019-cu ilin ilk altı ayı ərzində bu ölkədə azı 10 qadın ailə üzvləri, yaxud partnyorları tərəfindən qətlə yetirilib.

Ötən həftə Avropa Şurasının məşvərətçi orqanı olan Venesiya Komissiyası belə bir rəy verib ki, Ermənistanın İstanbul Konvensiyasını ratifikasiya etməsi ölkə konstitusiyasına zidd deyil. İstanbul konvensiyasının tam adı Qadınlara qarşı Zorakılıq və Məişət Zorakılığının Qarşısının Alınması və ona qarşı Mübarizə haqqında Konvensiyadır.

“Hökumət zəhərli yalanları geridə buraxacaq”

“Human Rights Watch” bildirir ki, bu rəy təkcə Ermənistana deyil, İstanbul Konvensiyasını gözdən salmaq cəhdlərinin olduğu digər ölkələrə də mesaj verir.

Ermənistan 2018-ci ildə İstanbul Konvensiyasına qoşulmağa doğru ilk addımlarını atıb, 2019-cu ildə tam ratifikasiya prosesinə başlayıb. Ancaq az keçmiş bəzi dövlət məmurlarının nifrət dolu kampaniyasından dolayı dayandırılıb. Ədliyyə Nazirliyi isə Venesiya Komissiyasından xahiş edib ki, bu sənədin Ermənistan konstitusiyasına təsirini dəyərləndirsin.

Oxşar kampaniyalar konvensiyanın Bolqarıstan və Slovakiyada da ratifikasiyasının dayandırılması ilə sonuclanıb. Polşanın hakim PiS partiyası isə Konvensiyadan tamam çıxmaqla hədələyib.

Venesiya Komissiyası İstanbul Konvensiyasının tamamilə qadınlara qarşı zorakılığa və məişət zorakılığına qarşı olduğunu bir daha təsdiqləyir. Komissiya əlavə edir ki, qadınlara qarşı zorakılıqla bağlı yerli qanunvericiliyin mövcudluğu Konvensiyanı ratifikasiya etməməyə əsas vermir, ikisi bir-birini tamamlamış olur.

Komissiya ratifikasiyadan sonra Ermənistanın eynicinsli nikahları qanuniləşdirməli olması haqda iddiaları rədd edib. Ancaq qurum onu da vurğulayır ki, seksual oriyentasiya və gender mənsubiyyətinə görə ayrıseçkilik qadağan olunur.

“Ermənistanda qadınlar məişət zorakılığı nəticəsində onsuz da çox şey itiriblər. Ümid edirik, bundan sonra hökumət İstanbul Konvensiyası haqda zəhərli yalanları geridə buraxacaq, konvensiyanı ratifikasiya etmək və gerçəkləşdirməklə qadınlara kömək edəcək”, – “Human Rights Watch” bildirir.

Azərbaycan da konvensiyanı ratifikasiya etməyib

Oktyabrın 20-də Bakının mərkəzində, Natəvanın heykəli önündə “Şiddətə son”, “Şiddətə dözmə” kimi şüarlarla aksiya keçirilib. Aksiya iştirakçıları qadınlara qarşı zorakılığın əleyhinə olduqlarını bildiriblər. Polis əməkdaşları aksiya iştirakçılarının əlində olan plakatları alaraq cırıblar. Aksiya iştirakçılarından bəziləri saxlanıb, sonra da buraxılanlar olub.

Aksiyada həmçinin “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının (Lanzarotta Konvensiyası) ratifikasiya edilməsi barədə bəyanatlar səslənib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir gün sonra yaydığı açıqlamada bildirib ki, İstanbul Konvensiyasının imzalanması ilə bağlı təkliflər paketi hökumətə təqdim olunub.

“Lanzarotta Konvensiyasının ratifikasiya edilməsi, İstanbul Konvensiyasının imzalanması və ratifikasiya edilməsi istiqamətində ölkəmizdə mühüm addımlar atılmaqdadır. Prezident cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının Azərbaycanın müvafiq bəyənatı ilə birlikdə təsdiq olunması üçün Milli Məclisə təklif olunub”, – Komitə bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG